Bəsti Nəsibova: "QHT-lər ana dilinin qorunmasında mühüm rol oynayır"
“Gələcəyə Baxış Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a açıqlamasında qeyri-hökumət təşkilatlarının (QHT) ana dilinin qorunması istiqamətində fəaliyyətinin ölkədə mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, QHT-lər dövlətçiliyin təbliğində bənzərsiz mövqeyə malikdir və cəmiyyətin müxtəlif təbəqələri ilə birbaşa ünsiyyətdə olmaq imkanına sahibdir. Bəsti Nəsibova vurğulayıb ki, QHT-lərin ictimai tədbirlərdə, seminar və konfranslarda çıxış etməsi, geniş auditoriyalara səslənməsi onların təsir gücünü artırır. Onların hər bir ifadəsi minlərlə insanın dünyagörüşünə təsir edə bilər. Məhz bu səbəbdən, o hesab edir ki, ölkədə fəaliyyət göstərən bütün QHT-lər ana dilinin qorunması və təbliğini öz vəzifələri sırasına daxil etməlidir.
“Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin əsas sütunlarından biridir. Əgər bir xalqın dili yaşayıb inkişaf edirsə, onun mədəniyyəti, tarixi və ənənələri də yaşayır. Buna görə də QHT-lər öz fəaliyyətlərində ana dilinin saflığını qorumaq, onun geniş istifadəsini təşviq etmək və gənc nəsil arasında dil sevgisini aşılamaq üçün xüsusi layihələr həyata keçirməlidir”.
Bəsti Nəsibova həmçinin qeyd edib ki, bu istiqamətdə geniş maarifləndirmə işlərinin aparılması, müxtəlif tədbirlərin, konfransların təşkili və ədəbi dilin inkişafına dair təşəbbüslərin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir:
"Ana dilinin qorunması sadəcə dövlət qurumlarının və təhsil sisteminin üzərinə düşən məsuliyyət deyil. Bu, cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də QHT-lərin üzərinə düşən mühüm vəzifələrdən biridir".
Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Pərvanə Fərhadqızı
QHT.az