İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin 100 illik yubileyi keçirilmişdir - FOTO

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin 100 illiyi" yubiley tədbiri keçirilmişdir.
 

Yubiley tədbirində ADPU-nun professor-müəllim heyəti, millət vəkilləri, respublikanın bir sıra ali məktəblərinin rektorları, elm xadimləri, tanınmış təhsil işçiləri və Qərbi Azərbaycan İcmasının nümayəndələri iştirak etmişlər. Qonaqlar öncə ADPU-da Qərbi Azərbaycanda Azərbaycan ictimai-siyasi mühitini və İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin həyatını və fəaliyyət dövrünü əks etdirən sərgi ilə tanış olmuşlar. Əcnəbi tələbələr şöbəsinin tələbələrinin səsləndirdikləri şeirləri dinləmiş, YUNESKO klubunun nəzdində fəaliyyət göstərən "Şərur" Yallı qrupunun rəqsini izləmişlər.
 

Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov tədbir iştirakçılarını salamlamış, bu əhəmiyyətli tədbirin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsindən qürurlandığını bildirmişdir.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova 100 yaşlı İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin mövcudluğu dövründəki fəaliyyəti, keçdiyi şərəfli inkişaf yolu haqqında danışmışdır, görkəmli məzunların adlarını xatırlatmışdır. Bildirmişdir ki, erməni şovinizmi əhatəsində milli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin və adları təhsil tariximizə qızıl hərflərlə yazılmış fədakar müəllim kollektivinin misilsiz xidmətləri olmuşdur.

 

Daha sonra Qərbi Azərbaycan icmasının sədri dosent Əziz Ələkbərli, dos. Cəlal Allahverdiyev, Qərbi Azərbaycan İcmasının Nəzarət Təftiş Komissiyasının sədri prof. Vahid Novruzov, millət vəkilləri Hikmət Babaoğlu, Səyyad Aran, Ramin Həsən, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, Qərbi Azərbaycan İcmasının Ziyalılar şurasının üzvü prof. Əvəz Ələkbərov, prof. Abel Məhərrəmov çıxış edərək İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin Qərbi Azərbaycanda milli maarifçilik mühitin inkişafında və formalaşmasındakı müstəsna xidmətləri, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə geniş məlumatlar vermişlər.
 

Tədbir iştirakçıları Filologiya fakültəsinin tələbələrinin  İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin müəllim-tələbə heyətinə həsr etdikləri videoçarxları izləmişlər.