Qubada "Ailələrin sosial müdafiəsi tədbirləri" layihəsi icra olunur - FOTOLAR
“Ailələrə Sosial Dəstək" İctimai Birliyi “Ailələrin sosial müdafiəsi tədbirləri" layihəsinin icrasını davam etdirir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində sentyabrın 30-dan oktyabrın 7- dək Quba rayonu I Nügədi kəndində "Quba Peşə liseyi" nin kollektivi, o cümlədən tələbələri ilə görüşlər keçirilib. İctimai Birliyin sədri Esmira Rəhimova bildirib ki, layihənin məqsədi insanların təsis etdiyi sosial qruplardan ən önəmlisi ailə olduğunu maarifləndirmə üsulu ilə göstərməkdir.
Ailə kiçik sosial qrup olub cəmiyyətin ilkin özəyini təşkil edərək, onu formalaşdıran əsas elementlərdən biri sayılır. Cəmiyətin inkişafında ailənin rolu böyükdür. Cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin əsası ailədə qoyulur. Bu mənada ailə cəmiyyətin insani dəyərlərinin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas meyardır. "Ailələrə Sosial Dəstək" ictimai birliyi çalışır ki, ictimai sahədəki fəaliyyətini vətəndaşlara və ailə institutlarına daha da əsaslı şəkildə çatdırsın. Sosial tədbirlərdən tutmuş gənclərlə bağlı məsələlərə kimi bütün lokal məsələləri qlobal miqyasda yaysın. Birliyin fikrincə, bu gün qızların təhsilinə diqqətin artırılması çox zəruri bir məsələdir. Valideynlər qızların təhsil almaq hüququnu müdafiə etməlidirlər. Qızların təhsil alıb peşəyə yiyələnməsi çox vacibdir. Cəmiyyətin aparıcı qüvvəsi sayılan qadınların savadlı olmasının həm cəmiyyətin,həm də ailənin inkişafında böyük rolu var.
Qızların təhsildən yayınmasının bir başqa səbəbi də erkən nigaha üstünlük verilməsidir. Çox acınacaqlı bir haldır ki,bu gün yuxarı sinif şagirdləri arasında dərsə gələn şagirdlərin əksəriyyətini oğlanlar təşkil edir. Bu təbii ki, daha çox regionlarda rast gəlinən bir haldır. Birlik, maariflənmə apararaq, bu günün qızları sabahın analarıdır, deyir..Təbii ki, qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Məhz elə bu baxımdan qadınların elm və biliyə sahib olmalarının nə dərəcədə vacib bir amil olduğunu hər kəs dərk etməlidir. Təhsilli, savadlı bir qadın doğru-dürüst övladlar yetişdirməkdə təbii ki, digərindən fərqlənəcək,üstün olacaq.Beləki, təhsil almış və cəmiyyətdə öz yerini tutmuş qadın övladını gələcək üçün mükəmməl bir şəxsiyyət kimi yetişdirməkdə daha bacarıqlı olacaqdır.
Gənc qızların tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə sıx bağlıdır. Təlim-tərbiyə isə insan psixologiyasını formalaşdıran mühüm amil sırasında öndə gedən elementdir, çünki uşaqların fərqli olan baxışları, qavrayışı, nitqi məhz ailədə, məktəbdə və cəmiyyətdə təşkil olunan tərbiyə əsasında formalaşır. Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir. Qazandığı uğurları iş prosesində - peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir. İctimai mühitin də, kollektivin də, rəhbərliyin də, dostların da gənclərin, o cümlədən, qızların tərbiyəsində rolu hədsizdir.
Buna görə də layihənin icrası vasitəsi ilə ailə institutunun inkişafı istiqamətində düzgün təbliğat işi aparmaq niyyətindəyik və layihənin davamlı olması günün vacib şərtidir. Quba Peşə liseyində keçirilən altı tədbirdə 120 tələbə iştirak edib.
Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.