Fövqəladə Hallar Nazirliyinin əməkdaşları stolüstü tennis yarışında uğur qazanıblar
5 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında (kişilər və qadınlar) stolüstü tennis yarışı keçirilib.
Olimpiya sistemi üzrə keçirilən yarışda 21 qurumdan 30 kişi, 5 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər.
Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin stolüstü tennis üzrə yığma komandasının üzvləri əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov yeddi görüş keçirərək bütün rəqiblərinə qalib gəlib və yarışın çempionu adına layiq görülüb. Bundan əlavə, komandanın digər üzvü – Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı baş gizir Vüqar İbrahimov yarışın bürünc medalının sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunublar.
7 oktyabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur əldə etmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.