Səbinə Ələkbərova: “Qaçqınların qayıdış hüququ insan haqqıdır”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin dəstəyi ilə ATƏT sədrliyi yanında Varşava İnsan Ölçüsü Konfransı keçirilir. Konfransda insan hüquqları sahəsindəki müasir çağırışlar, müsbət təcrübələr və gələcək perspektivlər ətrafında geniş müzakirələr aparılır. Həmçinin, iştirakçı ölkələr, insan hüquqlarının qorunması və demokratik proseslərin dəstəklənməsi üzrə konkret tədbirlər barədə fikir mübadiləsi apararaq, beynəlxalq əməkdaşlığı möhkəmləndirmək məqsədini güdür.

Konfransda “Gənc Liderlər Təhsil-Təlim və İnkişaf” İctimai Birliyinin rəhbəri Səbinə Ələkbərova, Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) ədalət və ləyaqət prinsipləri əsasında məcburi köçkünlərin hüquqlarının müdafiəsindəki rolunu vurğulayan vacib çıxış etdi. O, çıxışında Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların acınacaqlı vəziyyətindən və onların öz torpaqlarına qayıtmaq ümidlərindən danışdı.

Səbinə Ələkbərova, MİHT-lərin qərəzsiz, siyasi təsirlərdən kənar və vətəndaş cəmiyyəti ilə sıx əlaqədə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğuladı. O, bu təsisatların, qaçqınlar və məcburi köçkünlər üçün səsə çevrilməli olduğunu qeyd edərək, onların hüquqlarının qorunması üçün qlobal səviyyədə gücləndirilməsinin vacibliyini bildirdi. “Qayıdış hüququ yalnız hüquqi məsələ deyil, bu, insan haqqıdır,” – deyə o, çıxışını yekunlaşdırdı.