Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” keçirilir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) keçirilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri hesab olunan seminarda 70-dən çox ölkədən yüksək rütbəli zabitlər iştirak edir.
Seminarda müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov açılış nitqi ilə çıxış edərək Azərbaycana qarşı törədilən hərbi cinayətlər nəticəsində mülki şəxslərin həlak olmasından danışıb. Nazir müavini çıxışında bildirib ki, Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib, itkin düşən dörd min azərbaycanlı haqqında məlumat verilmir. Bölgədə basdırılan minaların təhdid olduğunu deyən nazir müavini qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə bəyanatdan sonra 379 nəfər mina qurbanı olub.
Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.
Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı məsələləri araşdırmaq, bu hüququ hərbi planlaşdırmaya, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.