Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb - FOTOLAR
Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği, piylənmə/artıq çəki problemi əleyhinə QHT-lər üçün maarifləndirici tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, “Bariatrik və Metabolik Cərrahlar” İctimai Birliyinin sədri, peşəkar tibb mütəxəssisi Tariyel Ömərov “Piylənməyə qarşı tibbi və sosial tədbirlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimat iştirakçı QHT nümayəndələrinin böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.
Tariyel Ömərov piylənmə və artıq çəkinin törətdiyi fəsadlar, insan orqanizminə mənfi təsirləri barədə məlumatlılığın artırılmasının önəminə toxunub. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu yaxınlarda Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, TƏBİB-in və AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və AMQF-nin iştirakı ilə səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-nin rəhbər şəxsləri ilə Bakı Biznes Mərkəzində görüş keçirib. Həmin görüşdə maraqlı təkliflər səsləndirilib: “Müzakirələrdə hiss etdik ki, piylənmə, gənclər arasında tütünçəkmə, spirtli içkilər əleyhinə təbliğatın gücləndirilməsi, bu mövzularda ictimai müzakirələrin təşkili, sağlam həyat tərzinin, bədən tərbiyəsinin geniş təbliği artıq sosial sifarişdir. Bu gün piylənmə əleyhinə bu tədbir Azərbaycan Milli QHT Forumunun sağlam həyat tərzinin təbliğinə dair başlatdığı silsilə tədbirlərin birincisidir. Açıq hava məkanlarında da bu istiqamətdə ardıcıl aksiyalar üçün hazırlıq işlərimiz başlayıb”.
Ramil İskəndərli onu da xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə gənclərlə görüşlərində, hətta hökumət üzvləri ilə müşavirələrində fiziki aktivlik mövzusuna toxunub, bu istiqamətdə fayfalı tövsiyələr verib.