Nadir Ağayevin xatirəsinə güləş turnirinin açılış mərasimi
Ölkənin ən güclü yeniyetmə yunan-romaçılarının mübarizəsi
Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-roma güləşi üzrə XXVIII ənənəvi turnirə start verilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımovun dəstəyilə keçirilən turnirin açılış mərasimində əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səslənib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev bildirib ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.
Respublikanın Əməkdar məşqçisi, SSRİ idman ustası Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, hakimlər kollegiyasının sədri Qərib Əliyev, Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, iş adamı Məşkur Qasımovun qardaşı Salam Qasımov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışaraq, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndirib, idmançılara uğurlar arzulayıblar.
Nadir Ağayevin qohumu, jurnalist-publisist Akif Ağayev hər il bu tədbirin yüksək səviyyəli təşkilinə görə müvafiq idman qurumlarına, Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyətinin sədr müavini Məşkur Qasımova, eləcə də zəhməti keçən hər kəsə minnətdarlıq edib.
Çıxışlardan sonra Masallı Mədəniyyət Mərkəzinin solistləri Şamo İbayev və Aysel Nərimanovanın, “Halay” folklor xalq kollektivi üzvlərinin ifasında musiqi nömrələri nümayiş olunub.
Sonra komanda heyətlərinin yarışa tam hazırlığı bildirildikdən sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.
Məlumat üçün bildirək ki, iki gün (5-6 oktyabr) davam edən turnirdə 2008-2010-cu il təvəllüdlü güləşçilər 10 çəki dərəcəsində mübarizə aparır.
Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 25-ə yaxın komandanın tərkibində 200-dən yuxarı yeniyetmə yunan-romaçı qüvvəsini sınayır.
Yarışların ilk günündə 5 çəki dərəcəsində qaliblər müəyyən olunub. Qalib idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Akif VAQİFOĞLU.