Millət vəkili: Ermənistanın süni şəkildə hərbiləşdirilməsi erməni xalqının növbəti faciəsinin başlanğıcıdır

Ermənistanın süni şəkildə hərbiləşdirilməsi erməni xalqının növbəti faciəsinin başlanğıcıdır

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də havadarlarından Fransaya üz tutub. İlk öncə bir məqama xüsusi diqqət eləmək lazımdır: Azərbaycandan fərqli olaraq Ermənistan heç bir zaman təhlükəsizliyini özü təmin etməyib. Hətta torpaqlarımızı işğal etdiyi dövrdə belə, yəni Azərbaycan üzərində dırnaqarası qalibiyyət əldə etdiyi zaman da  Ermənistan təhlükəsizlik qarantiyasını xaricdən alıb və bunu kənar dövlətlərin hesabına təmin edib.

 
Azərbaycan isə müstəqil xarici siyasət həyata keçirmək və milli təhlükəsizliyini qorumaq, beləliklə tam müstəqil olmaq bahasına torpaqlarını itirib. Beləliklə həm Ümumilli Lider Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev ölkənin milli təhlükəsizliyinin qarantiyası kimi yalnız Azərbaycan dövlətini görüb və xarici təziqlərə baxmayaraq, heç bir güzəştə getməyib. 

 

Vətən Müharibəsindən sonra Paşinyan hesab etdi ki, Ermənistana yeni qarant qüvvə lazımdı və bu vaxta qədər Ermənistan hökumətinin həyata keçirdiyi siyasət artıq işləmir.  Ona görə də regiondan qovulan Minsk Qrupunun üzvləri – Fransa və ABŞ-ı fərqli ampulada regiona qaytarmaq qərarı verdi. Bu dəfə həmin ölkələr müxtəlif missiyalarla yalnız Ermənistan ərazisində möhkəmlənməyə başladılar. 
 

Fransa Ermənistana həm maddi, həm də hərbi yardımlarını dəfələrlə artırıb. Makron hökuməti Ermənistanı hərbiləşdirməklə oradakı revanşist qüvvələri təşviq edir, Azərbaycana qarşı yeni müharibəyə həvəsləndirir. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir. Çünki, Azərbaycan heç bir xarici qüvvəni öz ərazisinə buraxmır və ölkənin suverenliyini hökumət yüz faiz öz təminatı altında saxlayır. 
 

Bir vacib məqamı da unutmaq olmaz ki, Vətən Müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi. O, həm də, işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi. Bu, Paşinyanla bərabər Makronun cənab Prezidentə şəxsi məğlubiyyəti idi. Çünki, Makron müharibənin ilk günlərindən Azərbaycana müxtəlif formalı təzyiqlər göstərməyə çalışdı, ölkəmiz əleyhinə BMT Təhlükəsizlik Şurasında 5 qətnamə layihəsi irəli sürdü. Buna rəğmən, dövlətimizin başçısı sonacan təzyiqlərə məhəl qoymayaraq müzəffər qələbə qazandı. Ermənistanın məğlubiyyətini Makron şəxsi uğursuzluğu kimi qəbul etdiyindən, müharibədən 4 il keçməsinə baxmayaraq, Azərbaycan əleyhinə səylərini dayandırmır. O, proqmatik düşüncədən kənara çıxaraq, məsələni şəxsiləşdirir. 
 

Unutmaq olmaz ki, Azərbaycan da dayanmır və daha da güclənir. Ermənistanın süni şəkildə hərbiləşdirilməsi erməni xalqının növbəti faciəsinin başlanğıcıdır. Onlar həmişəki kimi kənar qüvvələrin əlində alət olmaqda davam edirlər.  


Pərvanə Vəliyeva 
Milli Məclisin deputatı