Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə hüquqşünaslara təlim keçirilib - FOTOLAR

"Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə tərəfindən işinin ədalətli araşdırılması hüququna malikdir" – bu fikirlər Hüquq və İnsan Haqları İnstitutunun “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi” mövzusunda təşkil etdiyi təlimdə səsləndirilib.

QHT.az xəbər ki, oktyabrın 2-də İnstitutun təcrübəli təlimçi-ekspertləri tərəfindən keçirilən təlimin gündəliyində insan hüquqlarına dair yerli və beynəlxalq qanunvericilik və onların müqayisəli təhlili, beynəlxalq hüquqi sənədlər, insan hüquqlarının müdafiə mexanizmləri, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquqlarının monitorinqi və digər bu kimi aktual mövzular yer alıb.

Təlimdə AİHK-nın 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ) mülki-hüquqi və cinayət aspektindən təhlil olunub, eyni zamanda məhkəməyə əlçatanlıq, təqsirsizlik prezumpsiyası, müdafiə hüququnun təminatı, habelə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular müzakirə edilib və maraqlı fikir mübadiləsi aparılıb.

17 hüquqşünasın iştirak etdiyi təlim keys tapşırıqlarının həlli ilə davam edib və hüquqşünasları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.