Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür
Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.
QHT.az xəbər verir ki, Birinci Qarabağ müharibəsinin başlanmasında sonra könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulub. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayıb. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. Onun təşkil etdiyi tabor "Pəhləvanlar taboru" kimi tanınmağa başlayıb. 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edən Əliyar Əliyev 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ruhu şad olsun!