BAMF son günlər Yaxın Şərqdə baş verənlərlə bağlı bəyanat yayıb - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) son günlər Livanda, Qəzzada və İran və İsrail arasında baş verən gərginliklərlə bağlı bəyanat yayıb. 

 

QHT.az Ednews-a istinadən  məlumatına görə “Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) son günlər Livanda, Qəzzada və İran ilə İsrail arasında baş verən gərgin hadisələri dərindən narahatlıqla izləyir. Bu təəssüf doğuran hadisələr yalnız regional sabitliyə deyil, ümumilikdə dünyanın sülh və təhlükəsizliyinə ciddi təhdid yaradır.

 

Dünya artıq belə qarşıdurmalara dözməyəcək vəziyyətdədir və BAMF bir daha vurğulayır ki, bu hadisələrin hər hansı formada genişlənməsi və müdaxiləsiz davam etməsi daha böyük faciələrə səbəb olacaq. Gələcəkdə baş verə biləcək itkilərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət dərhal və məsuliyyətlə hərəkət etməlidir.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq, biz dünyanın bütün güclərini, xüsusilə də liderləri bu böhranın həllində fəal rol oynamağa, münaqişələri dinc və diplomatik yollarla çözməyə çağırırıq. Tərəflər arasında sülh dialoqun başlaması təcili bir ehtiyacdır və bu, yalnız insan həyatını xilas etmək üçün deyil, həm də dünyada sabitliyi qorumaq üçün zəruridir.

 

Biz Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq, beynəlxalq ictimaiyyəti dərhal sülh və təhlükəsizlik naminə məsuliyyətlərini dərk etməyə, silahlı qarşıdurmaların dayandırılması və insan həyatının qorunması üçün qətiyyətli addımlar atmağa çağırırıq. 

 

Sülhə, anlayışa və bərabərliyə doğru atılan hər addım dünyanı daha ədalətli və dayanıqlı bir məkana çevirəcəkdir.”