Aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına dövlət qayğısı 

Milli-mədəni dəyərlərimiz sərvətimizdir

 

Sentyabrın 30-da Bakıda ölkə mədəniyyətinin tarixinə yazılan növbəti tədbir reallaşdı. Paytaxtın mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açıldı. Abidənin açılış mərasimində Prezident İlham Əliyev, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdı. 18 fevral 2021-ci il tarixli Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi qərara alınmışdı. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olundu.
Növbəti Sərəncamda isə Aşıq Ələsgərin abidəsinin ucaldılması qeyd edilmişdi. Sərəncamın icrası ilə bağlı Xalq Rəssamı Natiq Əliyevin müəllifi və Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevin memarı olduğu əzəmətli abidə hazırlanaraq Bakının mərkəzində ucaldıldı.
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında tədbiri çox yüksək qiymətləndirərək qeyd edib ki: “Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu, doğrudan da çox gözəl hadisədir.”
     Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Eyni zamanda, həyata keçirilən uğurlu dövlət siyasəti mədəni irsimizin qorunmasını, dünyada geniş təbliğini təmin edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamları əsasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin  qeyd olunması, abidəsinin ucaldılması da bu baxımdan xüsusi qeyd edilməlidir.
     Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.
        XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başladı. “Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşdi.
       1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətini dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş tutmur.
   İllər keçir, Ələsgər nakam məhəbbətin ağrı-acısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keçə-keçə sazla-sözün qovuşduğu dəryaya can atır. Dövrünün qüdrətli sənətkarı Aşıq Alı onun gələcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər beş il Aşıq Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə bələd olur, sirlər qapısını açıb, ustadlıq mərtəbəsinə yetişir.
        Aşıq Ələsgərə sazı sinəsinə sıxıb bədahətən şeirlər deyər, həmsöhbət olduğu adamların fikrini “oxuyar”, baş verəcək hadisələri əvvəlcədən xəbər verərdi. Yuxuda Ələsgərə badə verilməsi haqqında söz-söhbətlər isə bitib-tükənməz, xalq onu “haqq aşığı” çağırardı.
     Dünyaya səs salan Aşıq Ələsgəri zəmanə ağır imtahanlara çəkir, gözlənilməz tarixi hadisələr, dönüşlər onun könül evini silkələdikcə duyğularını saza-sözə köçürür.
     Gözəlliyə, sevgiyə, torpağa, elə, vətənə, təbiətə münasibət Aşıq Ələsgər yaradıcılığında yeni bir formada, real və səmimi boyalarla əks olunur. Böyük sənətkar məhəbbəti yolunda canını fəda edən aşiqlərə qibtə edir.
     Aşıq Ələsgər poeziyasında dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divan şeir növləri özünü ən gözəl şəkildə, yüksək sənətkarlıqla büruzə verir.
     Xalq şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm”.
   Aşıq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı beləcə bəzəmiş, xalqın ruhuna, yaddaşına köçmüşdür.

 

Ceyhun Bəşirov,
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı nümayəndəliyi 
YAP ərazi partiya təşkilatının sədri