“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun növbəti iclası keçirilib

Sentyabrın 30-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi "İnsan kapitalı" işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib. 

 

 

İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğurlar və gələcək gözləntilər barədə danışıblar. 

 

 

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova “Qlobal İnnovasiya İndeksi 2024” nəticələrinin müqayisəsi və qarşıda duran vəzifələr, 2025-ci il üzrə yeni Fəaliyyət Planının hazırlanması ilə bağlı prioritetlər barədə təqdimat edib. 

 

 

İclas Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli və Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri Emin Qəriblinin təqdimatları ilə davam edib. 

 

 

İclasda elmmetrik bazalarda nəşr olunan elmi məqalələrin sayı və dinamikası, elmi nəşrlərin kvartillər üzrə paylanması, ali təhsil müəssisələrinin bu sahədə fəaliyyət planları, ali təhsil müəssisələrinin elmi müəssisələrlə birgə əməkdaşlığı, tədqiqatçıların fəaliyyətinin maliyyələşdirilməsi və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Eyni zamanda, tədqiqat laboratoriyalarının fəaliyyətinin qiymətləndirilməsi və onların maddi texniki bazalarının yenilənməsi zərurəti, laboratoriyalardan birgə istifadə imkanları, "Scopus" və "Web of Science" elmmetrik bazaları üzrə “Clarivate” və “Elvesier” şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, “QS” və “Times Higer Education” Beynəlxalq Reytinq Agentlikləri ilə əməkdaşlıq, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yeri və bu sahədə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

 

Yekunda, İşçi qrupun fəaliyyəti ilə bağlı iclas iştirakçıları ilə cari və qarşıda duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

 

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir.