Azər Allahverənov: "Ermənistan işğal siyasətinə görə təzminat ödəməlidir"

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri, deputat Azər Allahverənov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və törətdiyi hərbi cinayətlər haqqında QHT.az-a özəl açıqlama verib. O bildirib ki, Ermənistan 30 ildən artıq müddət ərzində Azərbaycanın 5-də 1 hissəsini işğalda saxlamış, bu müddət ərzində həmin ərazilərdə flora və faunaya, maddi və mənəvi dəyərlərə böyük zərər vurmuşdur.

Azər Allahverənov qeyd edib ki, beynəlxalq hüquq öz sözünü deyib və torpaqlar işğaldan azad olunub. Buna görə Ermənistan işğal siyasətinə görə məsuliyyət daşımalıdır. O vurğulayıb ki, erməni tərəfi işğal dövründə Azərbaycanın suveren ərazilərində qeyri-qanuni idarəetmə strukturları yaradaraq beynəlxalq hüququ pozub.

Deputatın sözlərinə görə, Ermənistan təkcə iqtisadi deyil, mədəni, ekoloji və infrastruktur sahələrinə də ziyan vurub və buna görə təzminat ödəməlidir. Əgər ölkənin iqtisadi gücü təzminat ödəməyə yetmirsə, o zaman öz ərazilərindən Azərbaycanın xeyrinə güzəştlər edə bilər. Bu, Ermənistanın bəzi ərazilərində suveren hüquqlarından imtina etməsi və ya müəyyən sahələr üzrə uzunmüddətli güzəştləri əhatə edə bilər.

Sonda Azər Allahverənov vurğulayıb ki, beynəlxalq hüquq öz sözünü deməli və Ermənistanı məsuliyyətə cəlb etməlidir. O, beynəlxalq təşkilatların bu prosesdə qərəzli olmadan Ermənistana qarşı tədbirlər görməsini və beynəlxalq məhkəmələrin bu məsələdə vahid mövqeyə sahib olmasının vacibliyini qeyd edib.

 

Pərvanə Fərhadqızı

QHT.az