Azərbaycanlı şagird Yunanıstanda təşkil edilən Beynəlxalq İqtisadiyyat Müsabiqəsində gümüş medal qazanıb - FOTOLAR

Yunanıstanın Qədim Olimpiya şəhərində bu ilin sentyabrında təşkil edilən Beynəlxalq İqtisadiyyat Müsabiqəsində Azərbaycan komandasın təmsilçilərindən, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb şagirdi Əli Zeynallı gümüş medala layiq görülüb.

QHT.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, İqtisadiyyat Müsabiqəsinin Beynəlxalq Final Turunda Azərbaycan komandası yüksək nəticələr göstərən məktəb, regional, milli turlar və intervyular əsasında seçilən şagirdlərdən ibarət idi. Müsabiqənin məqsədi Azərbaycanda iqtisadi savadlılığı artırmaq və orta məktəb şagirdləri üçün iqtisadi bilikləri əlçatan etməkdir. 18 ölkədən 97000 şagird arasından seçilən 85 şagirdin iştirak etdiyi bu müsabiqədə şagirdlər iqtisadi biliklərini artırmaqdan savayı, eyni zamanda müxtəlif ölkələrdən olan şagirdlərlə ünsiyyət zamanı fərqli mədəniyyətlər ilə yaxından tanış olma imkanı da əldə etdilər.

Müsabiqənin Azərbaycanda reallaşmağı üçün dəstək olan İqtisadiyyatın Əsasları Təşəbbüsü (EFI) və müsabiqənin ölkədə təşkilatçısı İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) növbəti illərdə iştirak etmək istəyən şagirdlərin aktiv iştirakını dəstəkləyir.