Vüqar Bayramov: "Yeni Dövlət Agentliyinin yaradılması inhisara qarşı mübarizədə mühüm addımdır"

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Bu fərmana əsasən, əvvəllər İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən xidmət mərkəzi icra hakimiyyəti orqanı statusu alaraq müstəqil fəaliyyət göstərəcək.

QHT.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu addımı Azərbaycan iqtisadiyyatında inhisara qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm bir addım kimi qiymətləndirib. Onun sözlərinə görə, yeni dövlət qurumunun yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək verir və bu sahədə beynəlxalq təcrübəyə uyğundur.

V. Bayramov vurğulayıb ki, "Rəqabət Məcəlləsi"nin qəbulundan sonra inhisara qarşı mübarizənin və rəqabətin müdafiəsinin prioritetləşməsi daha da vacib olub. Yeni qurum, antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, standartlaşdırma, metrologiya, texniki tənzimləmə və istehlakçı hüquqlarının müdafiəsi kimi mühüm sahələrdə dövlət nəzarətini həyata keçirəcək. Bu, azad sahibkarlığın inkişafı və ölkədə rəqabətin qorunması baxımından əhəmiyyətlidir.

Deputat qeyd edib ki, bu qərar Azərbaycanın iqtisadiyyatında monopoliyanın aradan qaldırılması və biznes mühitinin daha da əlverişli hala gətirilməsi üçün atılan vacib addımlardan biridir. Yeni dövlət qurumunun yaradılması ölkədə inhisara qarşı mübarizədə və rəqabətin gücləndirilməsində yeni bir mərhələnin başlanğıcıdır.