“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “Dünya” TV-dən “Biz sizinləyik” dedi - FOTOLAR

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə icra edirdi. 

QHT.az xəbər verir ki, bu gün layihənin icrasında nəzərdə tutulan “Dünya” TV-də canlı təqdim olunan “Biz sizinləyik” adlı sonuncu televiziya verilişi efirə getdi. BƏC İB İdarə Heyəti üzvü, BDU-nun professoru Allahverdi Məmmədli layihə zamanı həyata keçirilən tədbirlərdən ətraflı danışdı. BƏC İB-in üzvü, şair Mirsəfər Fətiyev şəhidlərə həsr olunmuş şerini söylədi.  

Verilişdə iştirak edən TƏBİB-in Əlillik Məsələləri üzrə iş şöbəsinin Baş məsləhətçisi Lalə Cəfərova səhiyyə sahəsində əlilliyi olan insanlara və digər imtiyazlı şəxslərə dövlət qayğısından danışdı və onları maraqlandıran sualları cavablandırdı.

Layihə rəhbəri və BƏC İB sədri Tahir Xudiyev bildirdi ki, layihə sona çatsa da bu istiqamətdə işlərimiz həmişə davam edir. Həm ictimai birlik, həm də insan kimi  belə xeyirxah işlərin görülməsindən zövq alırıq, bizi yaşadan xeyirxah əməllərimizdir. Tahir Xudiyev həm də əhalinin maarifləndirilməsi məqsədi ilə həyata keçirilən bu layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, “Dünya” TV-nin rəhbərliyinə və bütün kollektivinə, BƏC İB ilə daima əməkdaşlıq edən Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, digər dövlət qurumlarına, BƏC İB-in fəaliyyətində könüllülük əsasında köməklik edən hər bir kəsə  təşəkkürünü bildirdi.

Layihə müddətində BƏC İB-in əməkdaşları ilə birgə -“Biz sizinləyik”- söyləyən “Dünya” TV-nin istedadlı aparıcısı Xuraman Aydınqızı, eləcə də layihə barədə məlumatı olan şəxslər bu səpkili layihələrin həyata keçirilməsini əhalinin maarifəndirilməsi baxımından çox əhəmiyyətli olduğunu qeyd etdilər.