“Komandir, mən hamıdan öndə getməliyəm!”

Bu sözləri söyləyən Zərimxan ata-baba yurdu Kəlbəcəri görməmişdi, amma Qarabağ uğrunda canından keçməyə hazır idi...

Qarabağda doğulmayıb, onu erməni daşnaklarının tapdağından xilas etməyə hazır olan cəngavər Azərbaycan oğulları Vətənə layiqli övlad kimi yetişdilər. Bunun üçün ölkəmizdə gözəl şərait yaradılmışdı. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırdı. Azərbaycan torpaqlarını təcavüzə məruz qoyan Ermənistan havadarlarının hesabına Qarabağda 30 ilə yaxın harınlıq və vandallıq etdi. Şuşada “yallı gedən” Paşinyan bu “sərxoşluğun” hesabını verməli idi. İgidlərimiz, cəsur və qorxmaz “pələngbilək”lilərimiz həmin “yallının” hayıfını almaq üçün ciddi hazırlaşdılar.

“Xocalının qisası qiyamətə qala bilməz!”- deyənlərin sayı 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayandan sonra hər gün artırdı. Könüllü şəkildə orduya yazılıb, düşmənə qan uddurmağa çalışanlar Milli Ordumuzun, eləcə də digər təyinatlı xüsusi qüvvələrimizin sıralarına qoşuldular. Bir sözlə, “Qarabağ Azərbaycandır!” şüarı igidlərimizi ölümün gözünə dik baxmağa bir az da cəsarətləndirdi.

Həqiqi hərbi xidmət illəri müharibə dövrünə düşən, döyüşlərin önündə gedənlərimizdən biri də Zərimxan idi.

 

7 dekabr 2001-ci ildə Mingəçevir şəhərində anadan olmuş, sonradan ailəsi Tərtər rayonunun Bəyimsarov kəndində müvəqqəti məskunlaşan Həsənli Zərimxan Rafiq oğlu 2007-ci ildə tam orta məktəbin 1-ci sinifinə gedib. Orta təsilini bitirən Zərimxan 2020-ci ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Xidmətini üç aylıq Ağcabədi, sonra isə Beylaqan rayonlarında davam etdirmiş Zərimxan Beylaqanda olarkən xidməti qulluqdan, keçdiyi təlimlərdən fərəhlə, qururla danışırdı. Hər zaman ata-anası ilə danışanda, “mən həmişə təlimlərdə birinci yerə çıxıram, ilk atışdan hədəfi düzgün nişan alıram”, - deyib çox sevinirmiş. Hərbidə olmağı ilə də qürur duyurdu.

Bir dəfə komandiri atası ilə danışarkən deyir:

- Sizin oğlunuz çox qoçaq, cəsur və ürəklidir, təlimlərdə öndə gedir. Sanki komandir Zərimxan, mən isə əsgər kimiyəm. O, çox savadlı oğlandır...

27 sentyabr 2020-ci ildə ordumuz əks-hücuma keçən zaman Zərimxan hamıdan qabaq sıçrayıb hərbi maşına minir və deyir: “Komandir, mən hamıdan öndə getməliyəm. Çünki mənim ata yurdum işğal altındadır”.

Komandir Zərimxana “sən qal, sonra gedərsən”, - deyib. O, komandirin sözünə əhəmiyyət verməyərək önə çıxaraq, israrla “...xeyr,  komandir, mən hamıdan öndə getməliyəm!” - Deyir.

Atası Rafiq Həsənovu dindiririk. Çətindir, bilirik. Amma danışır: “...İlk gündən Zərimxan döyüşlərə qatılmışdı. 4 gün onunla əlaqə saxlaya bilmədik. Oktyabrın 1-də zəng etdi. Çox həyacanlı, qorxu, təlaş içindəydik. O isə çox sevinirdi:

- ...Ata, ana,  biz artıq irəliyə gedirik, bir neçə kəndi azad etmişik...”

 

Biz qorxudan ona ancaq “ehtiyatlı ol”, - deyirdik. O isə gülürdü. Bizə deyirdi: “...qətiyyən siz məndən nigaran qalmayın, əsas sizsiniz, biz torpaqları alaq, şəhid olsam, ruhum da inciməz...”

Dörd  gün əlaqə saxlaya bilmədik, sonuncu dəfə oktyabrın 8-də  bizimlə yenidən əlaqə saxladı:

-       ... Narahat olmayın, hər şey yaxşı olacaq, biz irəliləyirik...

Soruşdum ki, hardasınız:

- Harada olmalıyıq ki?! Öz torpaqlarımızda, Vətənimizdə! Biz o mənfurlardan torpaqlarımızı qarış-qarış təmizləyəcəyik!

 

Əlaqə yenidən kəsildi. 11 oktyabrda isə Zərimxanın şəhidlik xəbəri gəldi. Hamı, onu yaxından tanıyanlar Zərimxanın igidliyindən danışırdı...

 

...Bir ata və dost kimi xatirələrimiz saya gəlməz. Oğlum hələ kiçik yaşlarından hər zaman mənə kömək etmək üçün can atardı. Balamın keçmişindən danışmaq mənə çox ağır gəlir. O, mənim üçün həm balacam, həm can dostum, həm də sözümə “of!” demədən baxan balam idi.

 

Bir gün yaxın qohumun toyu idi. Biz də dəvətli idik. Maddi durumumuz yaxşı olmadığı üçün çox fikirli idim. Bağda işləyirdim və çox düşünürdüm. Zərimxan məni fikirli görüb, soruşdu ki, nə olub? Mən ona “heç, nə bilim, bizi toya çağırıblar, bala, pul da yoxdur,  heç bilmirəm necə edəcəm,” -deyə səbəbini anlatmaq istədim. Gülümsəyib:

- Ata, fikir eləmə, hər şey yaxşı olar, - deyib yanımdan uzaqlaşdı. Hara getdiyini bilmədim. İki, üç gün evdən səhər çıxıb, axşam gəldi. Bunun səbəbini soruşanda, o, gülümsəyərək dedi:

- Ata, dostumun bir işi var, ona kömək edirəm.

Ertəsi gün axşam gülə-gülə evə gəlib:

-       Ata, al bu da sənin toypulun. Dostlarımla meyvə toplayıb pul almışıq...

 

Mən onun bu hərəkətinə həm sevindim, həm də qəhərləndim. Öz-özümə dedim ki, sən bir bunun ürəyinə bax. Zərimxanın necə güclü iradəyə malik, ailəcanlı, çevik oldugunu gördükcə ürəyim dağa dönürdü. Düşünürdüm ki, bu gözəl xasiyyəti ilə gün gələr, balam məni ucaldar. Day düşünə bilməzdim ki, həm də yoxluğu ilə ürəyimi qırarmış...”

Atasının söylədikləri yalnız bunlar olmadı. Oğlunun igidliyini, döyüşkənliyini təsdiqləyən rəsmi təltiflərini də qürurla yada saldı: “Məhz bu səbəbdən də Prezidentimizin sərancamları ilə (ölümündən sonra) “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, göstərdiyi “Şucaətə görə” medalları ilə təltif olundu...”

Zərimxan artilleriya döyüşlərində qumbaraatan olub. O, düşmən tərəfindən atılmış minamyot qəlpəsindən döyüş yerində şəhidlik məqamına ucalıb. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin!

Şəhidin anası Afilə Həsənova isə Zərimxanla bağlı xatirələrinin bir kitaba sığmaz olduğunu deyir: “Mənim balam da ağıllı, sədaqətli, mehriban, həm də  çox qürurlu idi. Hansını deyim ki, ürəyimdə heç biri qalmasın?! Maddi imkansızlıq üzündən oğul balamı yanıma alıb gündəlik birgə gedərdik işə. Günlərin birində iş yerində bir qadını müdir, “işini təmiz tutmursan!”, - deyib təhqir etdi. Zərimxan o vaxt hələ IX sinifdə oxuyurdu. Qadının bizim yanımızda təhqir olunması ona çox ağır gəldi. O, cəsarətlə, qorxmadan torpaq sahibinin üzərinə yeriyərək, “sənin heç bir haqqın yoxdur qadını başqalarının yanında bu cür təhqir edəsən! Mən ölməmişəm ki, yanımda hansısa bir qadın bu cür təhqir olunsun! O qadının bir “günahı” var ki, o da zərif və kasıb olmasıdır! Demək, hansı qadının həyat yoldaşı və oğlu yanında yoxdursa, onu belə alçaldacaqsan?! Xeyr! Bu mümkünsüzdü!” - Dedi.

Həmin hadisədən sonra özümü daha çox güclü hiss etdim. Fəxr etdim ki, mənim belə ürəkli oğlum var. O, məktəbdə, ictimai yerlərdə də hər zaman ürəkli və cəsarətli idi. Zərimxan elə böyük ürəyə malik idi ki, hətta onu belə çıxarıb, kiməsə verməyə hazır idi. İgidliyi, qeyrəti hər zaman onun başını uca edirdi. Hərbi və döyüş yoldaşları Zərimxanın adı gələndə onun xatirələrindən ancaq göz yaşları işərisində, həm də qürurla danışırlar”...

Şəhidin bacısı Gülayın 14 yaşı var.  Qardaşının xatirində qayğıkeş, əsl qardaş, arxa-dayaq kimi qaldığını deyir: “Mənim 12 yaşım vardı, uşaqların velosipetinə baxıb həsəd aparırdım. Ağlayırdım ki, mənim də olsun. Qardaşım ata-anama kömək etdiyi kimi, biz bacılarını da sevindirməyi bacarırdı. Bir neçə gün dərsdən cıxan kimi gedib meyvə toplayıb maşına yükləməsinə kömək edib, ad günümə kimi 100 manat düzəldib istəyimi yerinə yetirdi: mənə velosipet alıb gətirdi. Mən belə ürək yiyəsi olmuş qardaşımla qürur duyurdum. Həm də şəhid olduqdan sonra bu cür qardaşım olduğu ücün fəxr edirəm. Mənim qardaşım  şəhid olub ey, ölməyib ki, o,  daim yaşayır, yaşayacaq da...”

Böyük bacı Rəsulənin uşaqlıq illəri qardaşı Zərimxanla bir yerdə keçib. Ona görə də danışdıqca xatirələri çözələnir: “Biz bir - birimizə çox bağlı idik. Heç vaxt bir - birimizdən ayrı qala bilmirdik. Hətta bir gün Zərimxan mənə söyləmişdi ki, sən ailə qurandan sonra hara köçsən, sənə yaxın yerdən özümə ev alacam, çünki, səndən ayrı qala bilmərəm.

Əsgərliyə getməmişdən öncə sanki qayıtmayacağını bilib mənə dedi: “Gəl səni gəzməyə aparım. Biz onunla birinci dəfə idi ki, ikimiz gəzməyə getdik. Çox əylənmişdik. Heç ağlıma gəlməzdi ki, bu, qardaşımla sonuncu gəzintimiz olacaq. Zərimxan çox zarafatcıl idi. Əyləncəni də sevirdi. Əsgərlikdə olanda da öz zarafatlarından qalmırdı. Onunla bağlı xatirələrimiz çoxdur. Evdən çıxarkən əlində bizə nəsə almamış gəlməzdi. Biz iki bacı ölüncə qardaşımızı unutmayacağıq. Biz qardaşımızla fəxr edirik”.

Bacı-qardaş! Bir qan-can, iki vücud. Qarışıb bir-birinə. İndi bacılar şəhid qardaş haqqında  danışmaqdan yorulmurlar, həm də qürur hissi keçirirlər. Axı, qardaş da ana Vətən üçün canını qurban verib - şəhidlik zirvəsinə ucalıb. Bacıları fərari qardaşdan deyil, igid, qorxmaz, cəsur döyüşçü olmuş, şəhidlik zirvəsini fəth etmiş qəhrəmandan danışırlar, həm də başları dik, alnıaçıq!

  

Cəmilə Çiçək/zekainfo.az

filologiya üzrə fəlsəfə doktoru,

Prezident mükafatçısı

 

Bu yazı Azərbaycan Res­pub­likasının Qeyri-Hökumət Təş­kilat­larına Dövlət Dəstəyi Agent­­li­yinin maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” layihəsi çərçivəsində ha­zır­lan­mışdır.