“İmişli gəncləri üçün liderlik məktəbi" layihəsinin növbəti mərhələsinin icrasına başlanılıb - FOTOLAR
"Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən “İmişli gəncləri üçün liderlik məktəbi" layihəsinin növbəti mərhələsinin icrasına başlanılıb.
QHT.az xəbər verir ki, iyunun 12-də layihənin açılışı və iştirakçılarla tanışlıq görüşü keçirilib, layihənin məqsədinin gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına, eyni zamanda strateji idarəetmə, problem həll etmə, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi liderlik keyfiyyətlərinə yiyələnməsinə dəstək vermək olduğu bildirilib.
Sonra gənclərin bir-birini tanıması üçün interaktiv "CV hazırlama" oyunu keçirilib, həmçini onlara layihədən olan gözləntilərini yazılı olaraq təqdim etmək imkanı yaradılıb. Layihə boyu gənclərə müxtəlif məzmunlu təlimlər keçəcək təlimçi Tofiq Sadıxov qeydlər əsasında gənclərin şəxsi inkişaf maraqlarını müəyyən edib.
"Sən kimsən?" sualı əsasında qurulmuş vörkşopun sonunda təlimçi ümumi nəticələri təhlil edib, iştirakçılar isə öz təəsüratlarını, vörkşopun çətin və asan tərəflərini, həmçinin digər iştirakçılardan eşitdikləri maraqlı məlumat və təcrübələri bölüşüblər.
Tədbir “Biz kimik, biz nə bacarırıq və biz nə istəyirik?” suallarına cavab hazırlanan qrup işi ilə yekunlaşıb. Suallara daha dolğun cavab verən komanda təqdimatla çıxış edib.