Pərvanə Vəliyeva G7 Sammitində COP29-un əhəmiyyətindən bəhs edib

Bu gün COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “G7 Bioloji Müxtəliflik üzrə COP16 və İqlim üzrə COP29-da çoxtərəfli danışıqların uğurlu nəticəsini necə dəstəkləyə bilər” adlı plenar iclasda çıxış edib və auditoriyanın suallarını cavablandırıb.

QHT.az xəbər verir ki, o, çıxışında qeyd edib ki, Azərbaycan COP29-da Qlobal Şimal və Qlobal Cənubu bir araya gətirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq kimi ümumbəşəri hədəflərə nail olmaq üçün səylər göstərir. Eyni zamanda bütün maraqlı tərəfləri dinləmək və onların maraqlarına cavab verəcək mövqe formalaşdırmaq və yeni hədəf və təşəbbüslərlə qlobal iqlim problemlərinə diqqət yetirilməsi məsələləri ölkəmizin gündəliyindədir.

Pərvanə Vəliyeva iqlim dəyişikliyi ilə mübarizədə mövcud ədalətsizlikdən də bəhs edib. “Bugünkü iqlim dəyişikliklərində dərin müstəmləkəçilik var, dünyanın şimal hissəsindəki temperatur yüksəlişi tropik ölkələrdə həssas icmalar tərəfindən xüsusilə kəskin şəkildə hiss olunur. İqlim dəyişikliyi insan hüquqlarına əsaslanır, iqlim dəyişikliyinin yükü və həmçinin mübarizəyə dəstək ədalətli şəkildə olmalıdır”. 

Vətəndaş cəmiyyəti İqlim Dəyişikliyi ilə mübarizədə, İqlim Dəyişikliyi ilə bağlı beynəlxalq danışıqlar proseslərində əsas rol oynayır, dəyişiklik üçün katalizator rolunu oynayır, kütləvi hərəkatları stimullaşdırır və dünya liderlərini hərəkətlərinə görə məsuliyyətə cəlb edir. Vətəndaş cəmiyyətinin konstruktiv iştirakı, üzv dövlətlər, icmalar və əsas qruplar, eləcə də digər maraqlı tərəflər arasında çoxtərəfli dialoq COP29-un uğurla həyata keçirilməsi üçün əsas rollardan birini oynayacaq.

O, vurğulayıb ki, G7 ölkələrinin iqlim danışıqları zamanı konsensusa nail  olunmasında konstruktiv rol oynaya və əlavə iqlim maliyyəsinin səfərbər edilməsini dəstəkləyə bilər. COP29-ın şüarı ilə çıxışını yekunlaşdıran Pərvanə Vəliyeva sammit iştirakçılarını Bakı COP-unda fəal iştirak etməyə dəvət edib.