“Gənclər ailə qurmaq xatirinə nikaha daxil olmamalıdırlar”- QHT sədrindən MÜSAHİBƏ
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), ŞirvanSalyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
QHT.az bununla bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərovdan müsahibə alıb.
QHT.az: Salam Fariz müəllim, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri keçən il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alıb. Ölkədə nikah və boşanmaların sayında bu tendensiyanın dəyişməsinin səbəblərini qiymətləndirə bilərsinizmi?
Fariz Əkbərov: Salam. Nikahların pozulmasının əsas səbəblərini bir qədər dərində, yəni nikah bağlanana qədər mövcud olan, lakin hər iki tərəfdən araşdırılmayan problemlərdə axtarmaq lazımdır. Evlənməyə hazırlaşan gənclər ilk növbədə ailə qarşısında məsuliyyətin nə demək olduğunu anlamalıdırlar. Onlar ailə qurmaq xatirinə nikaha daxil olmamalıdırlar. Ailə üzvlərinin münasibətlərinin tənzim olunan tərəfini təşkil edən və əsas mənasını və məzmununu müəyyən edən amil – ailə üzvlərinin qarşılıqlı məhəbbəti, dostluq və hörmət hissləri təşkil edir.
QHT.az: Nikah və boşanma prosedurları ilə bağlı hüquqi tənzimləmələrdə edilən dəyişikliklər bu statistikaya təsir edə bilərmi?
Fariz Əkbərov: “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Nazirlər Kabinetinin 30 yanvar 2024-cü il tarixli yeni qərarında təsbit olunmuş dəyişikliklərə əsasən, nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər. Dəyişikliyə əsasən, nikaha daxil olmaq haqqında ərizə təqdim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə əldə edilir. Bu mümkün olmadıqda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə edilir. Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır. Nikah qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir. Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş nikahın pozulması barədə qanuni 3 qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparılır.
QHT.az: Boşanma nisbətlərini azaltmaq və ya nikahların davamlılığını artırmaq üçün qanuni qaydalar və ya siyasətlər tövsiyə edə bilərsinizmi?
Fariz Əkbərov: Ailə cəmiyyətin təməl daşıdır və onun özülü nə qədər möhkəmdirsə, cəmiyyət də bir o qədər güclü, sağlamdır. Ona görə də ailələrin hərtərəfli inkişafını təmin etmək üçün hər bir dövlətdə xüsusi proqramlar həyata keçirilir. Ölkədə ailə institutu anlayışı gün keçdikcə dağılmağa doğru gedir. Uzun və ya qısa müddət bir dam altında yaşayan, övlad dünyaya gətirən cütlüklər hansısa bir səbəbdən bir arada qalmaq istəmir və çıxış yolunu ailəni dağıtmaqda görürlər. Bu gün bir sıra bölgələrdə erkən nikahların bağlanması, maariflənmənin yüksək olmaması və s. səbəblərə görə də boşanma halları müşahidə olunmaqdadır. Ailə dəyərlərimizin təbliğində televiziya kanallarının üzərinə böyük məsuliyyət düşür: Lakin bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətdəki neqativ hallar nümayiş olunur.
QHT.az: Boşanma prosesində hüquqi prosedurlarda hansı çətinliklər yaşanır və onların həlli ilə bağlı təklifləriniz nələrdir?
Fariz Əkbərov: Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər. Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər. Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin şəxsən iştirak etməsi tələb edilir. Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur. Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə mediasiya təşkilatına müraciət etməlidir.
QHT.az: Evlilik və boşanma proseslərində hüquqi qeyri-müəyyənliklər və ya çatışmazlıqlar barədə narahatlığınız varmı?
Fariz Əkbərov: Ən əsası sosial institut kimi ailə müxtəlif xarakterli insanların birgə yaşamasından ibarətdir ki, bəzən ər və ya arvad arasındakı ailə münasibətləri bir çox səbəblərdən pozulur və nəticə etibarı ilə nikahın pozulması-boşanma ilə nəticələnir.
Pərvanə Fərhadqızı
QHT.az