“Əsas hədəfimiz cəmiyyətdə baş verən hadisələrə qanunvericilik çərçivəsində münasibət göstərmək” - MÜSAHİBƏ
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.
QHT.az: Möhübbəli müəllim, mövcud fəaliyyətləriniz haqqında danışa bilərsiniz?
Möhübbəli Nağıyev: 2023-cü il ərzində regionlarda iqtisadi tədqiqatlar apardıq və sorğular keçirdik. Əldə etdiyimiz nəticələr əsasında 3 istiqamət üzrə yeni layihələrin həyata keçirilməsi üçün fəaliyyət planları hazırladıq. Ümumiyyətlə, 2024-cü ildə də daha geniş istiqamətlərdə fəaliyyətimizi quracaq və dövlətimizin həyata keçirdiyi iqtisadi proqramların icrasında dəstək göstərəcəyik. Belə ki, 2024-cü ildə mikro və kiçik sahibkarlar üçün beynəlxalq təcrübələr əsasında bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün B5B sistemi üzrə təşkilati-hüquqi və iqtisadi mövzularda maarifləndirmə işləri həyata keçiriləcək, gənclər və qadınlar (əsasən də tənha qadınlar) arasında peşə təhsili ilə bağlı təlimlər təşkil ediləcək.
QHT.az: Təşkilatınızın missiyası, məqsədləri, nailiyyətləri haqqında danışa bilərsiniz?
Möhübbəli Nağıyev: İlk öncə təşkilatımızın məqsəd və vəzifələri haqqında qısa məlumat verim. “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi, adından da bəlli olduğu kimi ölkə səviyyəsində iqtisadi sahədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatıdır. Yəni, Birliyin Nizamnaməsinə uyğun olaraq, məqsədimizölkə miqyasında iqtisadi problemləri öyrənməkdən, inkişafa dair təkliflər hazırlamaq, qeyri-neft sektorunun inkişafına dəstək verən layihələr hazırlamaq və icra etməkdən, mövcud iqtisadi prosesləri təhlil etmək və elmi-tədqiqat işləri aparmaqdan, qadınları, gəncləri və digər həssas qruplardan olan insanları sahibkarlıq, sənətkarlıq və peşə hazırlığı sahələri üzrə maarifləndirməkdən, regionlara xas olan turizmin, kənd təsərrüfatının və sənətkarlığın inkişafına yönəldilən tədbirləri həyata keçirməkdən ibarətdir.
İndi də bir neçə kəlmə naliyyətlərimizdən danışım. Əvvəlki 3 ilin nəticələrinə diqqət etsək, deyə bilərəm ki, Birliyin 5 illik strateji planına uyğun olaraq 2021-ci ildə turizm sektorunun post pandemiya dövründə ki fəaliyyəti bizim təşkilatımızın işçi qrupu tərəfindən araşdırıldı, 4 ay boyunca regionda bu sektorla məşğul olan bütün sahibkarlıq subyektlərinin vəziyyəti təhlil olundu, ictimai dinləmə keçirildi və nəticələr haqqında hazırlanmış təkliflər paketi müvafiq orqanlara təqdim olundu. 2022-ci ildə Şəkidə yaşayan və fəaliyyət göstərən qadın sahibkarları təşkilati, hüquqi və iqtisadi mövzularda maarifləndirildilər. Nəticədə, 9 yeni biznes subyekti üçün layihələr tərtib olundu və 6 biznes subyekti üçün biznes inkişaf planları hazırlandı. Bildiyimiz kimi, artıq 2023-cü il başa çatdı. Həmin il bizim təşkilatımız üçün uğurlu illərdən oldu. Belə ki, 2023-cü ildə region gəncləri və yeniyetmələr üçün peşə təhsili və məşğulluqla bağlı təlimlər təşkil etdik. Təlimlərə yerli dövlət qurumlarından nümayəndələr dəvət etdik. Gənclərin müxtəlif iş adamları ilə görüşləri təşkil olundu. 12 nəfər gənclərin işlə təmin olunması üçün Şəki-Balakən Regional Məşğulluq İdarəsinə müraciət olundu. Həmçinin bu illər ərzində Birliyin nəzdində fəaliyyət göstərən Biznes Konsalting Mərkəzində 74 nəfər mikro və kiçik sahibkarların sənədləri hazırlanıb, vergi, sığorta və bank münasibətləri ilə bağlı tövsiyələr verilib, rastlaşdıqları çətinliklərin həllində onlara dəstək göstərilib.
QHT.az: Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?
Möhübbəli Nağıyev: Qeyd edim ki, təşkilatımızın həyata keçirdiyi bütün layihə və fəaliyyətlərdə əsas hədəfimiz cəmiyyətdə baş verən hadisələrə qanunvericilik çərçivəsində münasibət göstərmək, dövlətimizin siyasətini daim dəstəkləmək, regionların iqtisadi inkişafında bizə tapşırılan işləri yerinə yetirməkdir. Əlbəttə, bu gün təqdim etdiyimiz bütün təkliflər və ideya müraciətləri sosial-iqtisadi inkişafla bağlıdır. Qeyd edim ki, fəaliyyət göstərdiyimiz bu 16 il ərzində Birliyin birbaşa həyata keçirdiyi 25 layihə və icrasında öz işçi qrupu və ekspertləri ilə iştirak etdiyi 100-lərlə layihənin nəticəsində on minlərlər sahibkarlar, sənətkarlar, qadınlar və gənclər faydalanmış, yüzlərlə iş axtaran şəxslər iş yerləri ilə təmin olunmuşlar. Bu gün də, regionların iqtisadi-sosial inkişafı üçün fəaliyyətlərimiz davam edir, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi, İqtisadiyyat Nazirliyi, KOBİA və Turizm Agentliyi, yerli və regional idarə və təşkilatlarla sıx əməkdaşlıq edir, onların həyata keçirdikləri işlərdə yaxından iştirak edirik.
QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz, istiqamətlər və məqsədlər nələrdən ibarətdir?
Möhübbəli Nağıyev: Dediyim kimi, təşkilatımızın strateji planına uyğun olaraq növbəti illərdə də regionların, ümumilikdə ölkəmizin iqtisadi inkişafı naminə layihələr icra etməyi planlaşdırmışıq. Regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlarla, fermerlərlə, eləcə də, sahibkarlığa marağı olan insanlarla, gənclərlə və qadınlarla, potensial bacarıqlı iqtisadçılarla maarifləndirmə işləri aparacaq, regionların iqtisadi inkişafında mühüm yer tutan qeyri-neft sektorunun, əsasən də turizmin, sənətkarlığın, kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərəcəyik.
Pərvanə Fərhadqızı
QHT.az