Azərbaycanda 2 fevral - Gənclər Günüdür
Bu əlamətdar tarixi gün gənclərə həmişə xüsusi diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı müvafiq sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
QHT.az xəbər verir ki, həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb.
QHT.az Azərbaycan Gəncləri Günü münasibətilə enerji və yaradıcılığı ilə dünyaya yeni bir rəng qatan bütün gənclərimizi təbrik edir, həyatlarının bu mühüm dövründə öyrənmə, inkşaf etmə və müstəqil düşünmə qabiliyyətlərini artıraraq gənc yaşlarını qiymətləndirməyi arzulayırıq.
Bütün gəncləri və özünü gənc hiss edən hamını təbrik edirik!