“Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər kifayət qədər aşağıdır”- iqtisadçı ekspert

Ölkəmizdə son 5 ildə ezamiyyə xərcləri artırılmayıb. Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramovun məlumatına görə, 1 günlük hotel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. O, qeyd edib ki, oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir: “Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər kifayət qədər aşağıdır. O tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Ezamiyyə xərclərinin artırılması məsələsi yenidən gündəmə gətirilməsi çox vacibdir”.

 

Pərvanə Fərhadqızı