Azərbaycanlı deputatlar Meksika ştatlarının yerli konqreslərində görüşlər keçiriblər

Azərbaycan Milli Məclisinin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində həmin ölkənin Hidalqo ştatının konqresini ziyarət edib, konqresin inzibati binası və “Qanunvericilik Muzeyi” ilə tanış olub, o cümlədən yerli qanunverici orqanın üzvləri ilə görüş keçiriblər.

 

QHT. az bildirir ki,  bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

 

Konqresin prezidenti Xesus Leynes Milli Məclisin nümayəndə heyətini salamlayaraq, onları Hidalqoda görməkdən çox məmnun olduqlarını və bu səfərin iki ölkə arasındakı parlamentlərarası əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyinə əminliyini bildirib.

 

Meksika Konqresinin senatoru Navor Roxas çıxışında Azərbaycanın illər boyu işğala və soyqırımına məruz qalan tərəf olduğunu, nəhayət, üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdiyini vurğulayıb. Senator Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb, işğaldan azad edilmiş ərazilərdə erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, qısa müddət ərzində əldə edilmiş heyrətamiz nəticələrin şahidi olduğunu bildirib.

 

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri J.Əliyeva iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkül tapdığını, eləcə də parlamentlər səviyyəsində fəal əməkdaşlığın mövcud olduğunu qeyd edib, müasir dövrdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının getdikcə artan roluna toxunub. Azərbaycanlı deputat qadın və uşaqların sosial müdafiəsinin və təminatının gücləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən proqramlar haqqında ətraflı məlumat verib.

E.Mirbəşiroğlu bildirib ki, otuz il ərzində əraziləri işğala məruz qalsa da, şəhər və kəndləri dağıdılsa da, məhz Azərbaycan münaqişə başa çatandan sonra Ermənistana sülh əlini uzadıb, sülh masasına oturmağı təklif edib. Azərbaycanın Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyi halda, guya ermənilərin bu ərazilərdən qovulması ilə bağlı fikirlərin əsassız və qəbuledilməz olduğu vurğulanıb, Meksika tərəfinin ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasında Azərbaycanın, haqq-ədalətin yanında olacağına ümidvar olduğumuz bildirilib.

 

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov çıxışı zamanı Azərbaycanın zəngin dövlətçilik tarixinə nəzər salıb, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının müasir tariximizdə şanlı səhifə olaraq yer aldığını bildirib. M.Talıbov regionda cərəyan edən son hadisələr barədə ətraflı məlumat verib və Meksikanın bu hadisələrə adekvat və konstruktiv yanaşma nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin uğurla inkişafının məmnunluq doğurduğunu qeyd edib, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinin bir çox sahələrdə əməkdaşlıq imkanlarımızı artırdığını diqqətə çatdırıb.

 

Eyni zamanda, Milli Məclisin nümayəndə heyəti Xalisko ştatının konqresində olub, konqres binası ilə tanışlıqdan sonra yerli qanunverici orqanın nümayəndələri ilə görüşüb, iki ölkə arasında mövcud olan əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından parlament diplomatiyasının, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Hər iki ştatda keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Hər iki səfər ölkə KİV-də geniş işıqlandırılıb.