Biz nəyi nə vaxt və nə cür edəcəyimizi yaxşı bilirik.
Son zamanlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanla bağlı mövqeyi mütərəqqi vətəndaş cəmiyyətində qəti etiraz və hiddət doğurmaya bilməz. Dünyaya ağalıq etmək niyyətindən əl çəkmək istəməyən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün pərdə rolunu həvəslə oynayan USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlmiş proqramları icra etməklə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, qlobal miqyasda demokratik dəyişikliklərə və humanitar yardıma dəstək göstərmək əvəzinə dövlətlərin daxili işlərinə qarışmaqla, siyasi proseslərə müdaxilə etməklə, hakimiyyət çevrilişlərinə zəmin yaratmaqla məşğuldur.
Bu qurumun Azərbaycana qarşı çirkin əməlləri hər birimizə məlumdur. Vaxtilə ölkəmizdə “NİDA”, “Dalğa” kimi təşkilatları maliyyələşdirən, Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyalar təşkil etdirməkdən çəkinməyən, bir sıra təşkilatları şirnikləndirərək müəyyən məlumatlar əldə etmək üçün regionlarda müxtəlif layihələr həyata keçirməyə çalışan, ölkəmizin ərazi bütövlüyünə və dövlətimizin suverenliyinə qarşı qərəzli və sərsəm açıqlamalar yayan, haqq və ədalətin bərpası uğrunda savaşı “etnik təmizləmə” kimi qələmə verən USAID bu gün də “yırtıq pərdə” rolunu oynamaqdadır. Amma düşünmür ki, üzülmüş pərdə arxasında gizlənib onu idarə edənlərin iyrənc simaları artıq hər bir kəsə bəllidir.
Bu bədnam qurumun məkrli planları dövlətimizin xüsusi xidmət orqanları tərəfindən zamanında ifşa edilmiş, arzu və istəklərinin reallaşmasına imkan verilməmişdir.
USAID unutmasın ki, Azərbaycan xalq və iqtidarın sarsılmaz birliyi sayəsində öz taleyini özü müəyyənləşdirən müstəqil dövlətdir və onun daxili və xarici siyasətinə müdaxilə etmək tamamilə yersizdir.
Unutmasın ki, biz BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini təkbaşına icra etməklə beynəlxalq aləmə öz saf niyyətimizi, milli birliyimizi və hərbi qüdərtimizi göstərmişik... Və şərhə ehtiyac yoxdur.
Unutmasın ki, bir vaxtlar ölkəmizdən qovulmuş və bu gün tövsiyələrindən həvəslə bəhrələndiyi “Soros Fondu”nun aqibəti onu da gözləyir...
Biz nəyi nə vaxt və nə cür edəcəyimizi yaxşı bilirik.
Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri