Dominikan Respublikasında daşqın nəticəsində 21 nəfər ölüb

Dominikan Respublikasında fırtına, sel,  güclü yağış hadisəsi baş verib. 13 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.

QHT.az xəbər verir ki, ölkədə infrastruktura ziyan vuran və evləri uçuran sel fəlakəti nəticəsində azı 3-ü uşaq olmaqla 21 nəfər ölüb. Paytaxt Santo Dominqoda magistral tunelin girişindəki divarın avtomobillərin üzərinə çökməsi nəticəsində 9 nəfərin həyatını itirdiyi və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib. Digər ölümlərin boğulma kimi hadisələr nəticəsində meydana gəldiyi öyrənilib. Səlahiyyətlilər həyatını itirənlərdən 4-nün ABŞ, 3-nün isə Haiti vətəndaşı olduğunu açıqlayıb.

Küçə və prospektlərin su altında qaldığı ölkədə bir çox avtomobili sel suları aparıb. 2500-dən çox insanın xilas edildiyi, 1600-dən çox evin qasırğadan zərər çəkdiyi qeyd edilib. Bir çox bölgədə qırmızı və narıncı xəbərdarlıq elan edilərkən, 45 rayonda rabitə xətləri kəsilib.

 

R. İmanov