Kimyəvi, bioloji, radioloji və nüvə risklərinin azaldılması ilə bağlı seminar keçirilib

Fövqəladə Hallar Nazirliyi və Avropa İttifaqının (Aİ) Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin birgə təşkilatçılığı ilə seminar keçirilib. Seminar KBRN sahəsində milli fəaliyyət planının hazırlanması istiqamətində müzakirələrin aparılması məqsədilə təşkil edilib.

 

Tədbirdə Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, TƏBİB, Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun nümayəndələri, eyni zamanda Aİ-nin Birgə Tədqiqat Mərkəzinin və KBRN Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin mütəxəssisləri iştirak edib.

 

Seminarda KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsinin nəticəsi olaraq fəaliyyət planı layihəsinin hazırlanması, eyni zamanda həmin planın həyata keçirilməsinə dair məsələlər müzakirə edilib. Həmçinin, seminarda KBRN sahəsində qanunvericilik və qaydalar, fəaliyyətin idarə edilməsinə məsul dövlət qurumlarının hüquq və vəzifələri, risklərin azaldılması strategiyası, qabaqlayıcı tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Seminarda KBRN ilə bağlı müxtəlif istiqamətləri özündə əks etdirən sorğu sənədi də müzakirə predmeti olub.