“Oriqami” uşaq və yeniyetmələr İctimai Birliyi təşkil etdiyi layihəsini bitirib - FOTOLAR

“Oriqami” uşaq və yeniyetmələr İctimai Birliyi Sabunçu rayonu, Maştağa və Nardaran qəsəbəsində yerləşən 3 ümumtəhsil məktəbində  01.07.2023-cü il tarixində başlanılmış “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsini 29.09.2023-cü il tarixində bitirib.

Birliyin sədri, layihə rəhbəri Namiq Nəcəfov QHT.az-a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunur: “İyulun 1-dən başlanan layihə sentyabrın 30-da bitəcək. Layihəsinin icrası ərzində yeniyetmə  velosipedçilər- qız və oğlanların maarifləndirilməsi və praktik vərdişlərə yiyələnməsi, sağlamlığının qorunması üçün fərdi qoruyucu müdafiə vasitələrindən – dəbilqə, əlcək, dirsəklik, dizlikdən istifadə olunması barədə təlimlər keçiblər. Layihənin Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li.,Nardaran qəsəbəsi 130 № li və 295 № li tam orta məktəblərdə V-VIII  sinif şagirdləri arasında icra olunub. Hər bir təhsil ocağından 15 nəfər şagird olmaqla, cəmi  45 nəfər məktəbli könüllülük prinsipi əsasında, məktəbin müdiriyyəti və onların valideynləri ilə razılaşdırılaraq, layihəyə cəlb olunublar”.

Namiq Nəcəfov həmçinin qeyd edib ki, layihənin məqsədi qız və oğlanların velosiped sürərkən fərdi müdafiə vasitələrindən istifadə etməsi və yol hərəkəti qaydalarına riayət  olunmasıdır: “Layihə çərçivəsində veloidmanın tarixi barədə təlim zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, respublikamızda velosiped idmanının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1980-ci ildə Ümummilli Lider Heydər Əliyevin  sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra genişmiqyaslı yarışlar keçirilib. Bu gün də Velotrekdə müxtəlif turnirlər keçirilir”.

Qeyd edək ki, layihə çərçivəsində 3 ümumtəhsil məktəbin hər birində təşkil olunmuş yekun tədbirdə, hər bir layihə iştirakçısına Sertifikat, loqolu qısaqol köynək, loqolu hədiyyə çantası, dəftərxana dəsti-qovluq, dəftərçə, qələm, fərdi qoruyucu müdafiə dəsti - dəbilqə, əlcək, dizlik və dirsəklik təqdim olunmuş, təmsil olunan təhsil ocaqlarına - Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li, Nardaran qəsəbəsi 130 № li  və 295 № li  tam orta məktəblərə -Təşəkkürnamələr təqdim olunub.

                                                    

Pərvanə Fərhadqızı