Quba rayonunda “Leykemiya hökm deyil” adlı tədbir keçirilib - FOTOLAR

Azərbaycanda 10 milyon əhalinin arasında son vaxtlar daha tez-tez rast gəlinən 3000-dən çox qan xərçəngindən (leykemiya) əziyyət çəkən vətəndaşlarımız müalicə üçün müxtəlif tibb müəssisələrinə müraciət edirlər. Müalicəyə müraciət edənlərin 45 %-i məktəbəqədər və məktəbyaşlı uşaqlardı. Çox vaxt cəmiyyət arasında “Ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə belə bir yanlış fikir irəli sürülür və bu da ailədə qan xərçəngindən (leykemiya) əziyyət cəkən insana ölüm hökmü kimi səslənir.

“Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova QHT.az –a bildirib ki, Azərbaycanın ucqar rayon və kəndlərində yaşayan ailələr bu hökmlə barışıb, xəstə ailə üzvünü ölümlə üz-üzə qoyur və qan xərçənginə duçar olmuş 45% uşaqların yalnız yarısı valideynlərin müraciəti ilə adekvat müalicə alır, digər yarısı isə ümüdlərini itirərək uşaqları müalicəsiz qoyurlar: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya hökm deyil! - qan xərçəngi haqqında əhalinin düzgün məlumatlandırılması” adlı layihə maliyyələşdirilib. Layihə 01 avqust 2023-cü il tarixindən 31 oktyabr  2023-cü ilə qədər davam edəcək. Qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur. Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının keçirilməsi zəruridir. Azərbaycanda qan xərçəngi (leykemiya) haqqında yanlış stereotiplərin aradan qaldırılması üçün aksiyalar, maarifləndirici seminarlar, televiziya və radio şou verilişləri, sosial çarxın çəkilişi kimi müxtəlif səpkidə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir”.

Mehriban Bağırova həmçinin qeyd edib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə layihə çərçivəsində 21 sentyabr 2023-cü il tarixində Quba rayonunun Mərkəzi rayon Xəstəxanasında “Leykemiya hökm deyil” adlı tədbir keçirilib: “Tədbirdə Yeni Klinikanın həkim - hematoloqu Sevil Cəlilova “Leykemiyanın erkən diaqnostikası və müalicəsi”, Totem psixologiya Mərkəzinin psixoloqu Aynur İsmayılova “Xəstəlik taleyimiz deyil” mövzularında çıxış etdilər. Sonra “Leykemiya ilə mübarizə” İctimai Birliyinin üzvü Rəşad Cəlil təşkilatın gördüyü işlər haqqında məlumat verib və sosial çarx göstərilib. Tədbirdə Quba rayon Mərkəzi Rayon Xəstəxananın tibb işçiləri, Qubada yaşayan insanlar və  leykemiyalı xəstələrin valideynləri iştirak ediblər”.

 

 

Pərvanə Fərhadqızı