“Azərbaycan, müharibələrin əleyhinə, ədalətli sülhün lehinədir”- Qənirə Paşayeva / VİDEO

Asiya Parlament Assambleyası və onun müvafiq Komitəsi ilk dəfə ölkəmizdə toplantı keçirdi. Tədbirdə Assambleyanın baş katibi cənab Muhammed Reza Məcidi, komitə üzvləri, katiblik əməkdaşları, qonaqlar, media mənsubları iştiak edib.

QHT.az xəbər verir ki, Assambleyasının vitse-prezidenti Qənirə Paşayeva üzv ölkələrə açılış çıxışında Qarabağ mövzusu ilə bağlı geniş məlumatlar verib. O, qeyd edib ki, Türk-İslam Şərqində ilk demokratik respublikanı qurmuş Azərbaycan Respublikası hələ 1919-cu ildə qadınlara seçmək-seçilmək hüququ vermiş, hələ o dönəmdə siyasi-ideoloji, etnik, dini rəngarəngliyi dövlət idarəetmə sistemində, ictimai-siyasi həyatda nümunəvi şəkildə əks etdirmiş bir dövlətdir: “Toplantımız Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinin Ermənistanın işğalından azad olunması ilə nəticələnmiş 44 günlük II Qarabağ müharibəsinin 3-cü ildönümü ərəfəsində keçirilir. Azərbaycan, müharibələrin əleyhinə, ədalətli sülhün lehinədir. Əminəm ki, mədəni və dini abidələri erməni vandalları tərəfindən dağıdılmış Şuşada aparılan sosial-mədəni quruculuq işləri sizləri məmnun edəcək. O işlər işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə, azadlıqdan abadlığa keçidin bir örnəyi, modeli olaraq qarşınıza çıxacaqdır. “Orta dəhliz”in mühüm tərkib hissəsi Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında ən qısa, ən əlverişli və ən təhlükəsiz keçid olacaqdır. Respublikamızda Qərbi Azərbaycan İcması fəaliyyət göstərir və ümid edirik ki, beynəlxalq qurum-quruluşlar İcmanın qaldırdığı məsələlərə beynəlxalq hüquq çərçivəsində və humanizm prin­siplərini əsas alaraq biganə qalmayacaqdır”.

 

 

Pərvanə Fərhadqızı