Sorğunun nəticələrinin müzakirəsi barədə konfrans keçirilib - FOTOLAR
Sentyabrın 19-da “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Bakı şəhərində “Uşaq istismarına biganə qalmayaq!” adlı layihənin icra planına uyğun olaraq konfrans təşkil edib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Konfrans insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri barədə, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə keçirdiyi sorğunun nəticələrinin müzakirəsinə həsr olunub.
Konfransda BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə xanım Ələkbərova, DİN-nin İnsan Aıverinə Qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş Əməliiyat Müvəkkili polis polkovnik-leytenantı İbrahim Əhmədov, Baş İdarənin Əməliyyat müvəkilli, baş polis leytenantı Ruslan Alıyev, "Təmiz Dunya" Qadınlara Yardım İctmai Birliyi- Qadın və Uşaq Sığınma Evinin rəhbəri Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qayıbova, Müasir Psixologiya Mərkəzinin rəhbəri Aida Sübhan, QHT.AZ xəbər portalının baş pedaktoru Cəsarət Hüseynzadə və cəmiyyət daim fəallıqları ilə seçilən yerli QHT rəhbərləri iştirak ediblər.
Birliyin sədri Gülayə Səfərova Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında, Neftçala rayonunda və Şəki şəhərində keçirdikləri sorğunun nəticələri barədə konfrans iştirakçılarına məlumat verib. Sorğunun nəticələrinə münasibət bildirən dövlət qurumları və QHT rəhbərləri problemin qarşısını almaq üçün təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirməsini bildiriblər.
Pərvanə Fərhadqızı