“Müdafiə və milli təhlükəsizlik xərclərimiz 6 milyard 54 milyona çatdı” – iqtisadçı ekspert

Azərbaycanın lokal anti-terror əməliyyatlarının ikinci günü "Əsrin Müqaviləsinin" imzalanmasının 29-cu il dönümünə təsadüf edir. "Əsrin müqaviləsi"nin imzalanması birinci Qarabağ Müharibəsindəki atəşkəsdən qısa müddət sonra reallaşdı. O zamankı müharibədə torpaqlarının bir hissəsini itirmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, iqtisadiyyatı tənəzzül keçirən Azərbaycan 1994-cü il sentyabrın 20-də sonradan regionun iqtisadi xərtəsini dəyişəcək bir sənədə imza atdı. SOCAR və dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti ilə birlikdə yaradılan konsorsium Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsinə start verdi.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bu barədə məlumat verib. Ekspert qeyd edib ki, bu ilkin mərhələdə enerji sektoruna 20 milyard dollar sərmayə cəlbi demək idi: “Bu nəinki Azərbaycan iqtisadiyyatı, həmçinin ordu quruculuğu üçün də yeni mərhələ idi. "Əsrin Müqaviləsi" hərbinin gücümüzun artırılması, hərbiçilərimizin maddi-sosial təminatının güclənməsi üçün ciddi maliyyə bazası formalaşdırdı. Bu da Azərbaycanı Zəfərə gətirib çıxartdı. Məhz "Əsrin Müqaviləsi" 1994-cü ildə ümumi daxili məhsulunun həcmi 374 milyon manat olan Azərbaycanın inkişaf trayektoriyasını müəyyənləşdirdi. Fiskal gəlirlərimizin artması hərbi sahənin inkişafını stimullaşdırdı. 2023-cü ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 54 milyona çatdı. Artıq Azərbaycan müasir texnikalı güclü orduya malikdir”.

 

 

Pərvanə Fərhadqızı