Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri barədə tədbir keçirilib - FOTOLAR
Avqustun 28-də Siyazən rayon regional Mədəniyyət Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi “Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri barədə bilik və məlumatların artırılması” layihəsi çərçivəsində tədbir- konfrans keçirib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində təşkil olunan tədbirdə bələdiyyə üzvləri, təhsil, səhiyyə işçiləri, rayon yaşıllaşdırma idarəsinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyət Mərkəzinin direktoru Ziyadə Dadaşova konfransın giriş sözü ilə açıb və layihənin vacibliyindən danışıb. Layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova temperaturun artması ilə müşayət olunan və özü ilə birlikdə çoxlu qlobal ətraf mühit dəyişiklərinə səbəb olan hadisələr barədə məlumat verib: “Gələcəkdə baş verə biləcək təbii hadisələrin mövcud vəziyyəti, mümkün proqnozları barədə ictimaiyyətimizdə məlumat azlığı var. Bildiyimiz kimi sənayenin inkişafı ilə paralel olaraq atmosferdə istilik effekti yaradan qazların artması iqlimdə bir çox dəyişikliyə səbəb olub. Paralel olaraq dünya əhalisinin artımı dünyada olan meşə və yaşıllıq ərazilərini xeyli azaldıb ki, bu da atmosferdə olan karbon qazını udaraq əvəzində bütün kainatı oksigenlə təmin edən yaşıllıq ərazilərinin dəfələrlə azalmasına səbəb olub”.
Layihənin təlimçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Hökmən Mahmudov bildirib ki, dünya üzrə tədqiqatçılar tərəfindən aparılan minlərlə araşdırma Yer səthində, eləcə də atmosfer və okeanlarda temperaturun yüksəldiyini qeydə alıb: “Qlobal iqlimin bir çox digər aspektləri də dəyişir. Həddindən artıq yüksək temperatur və güclü yağıntı hadisələri artır, buzlaqlar və qar örtüyü azalır, dəniz buzları geri çəkilir. Dənizlər istiləşir, su səviyyəsi yüksəlir, turşuluğun konsentrasiyası artır və daşqınlar daha tez-tez baş verir. Yağışlı mövsümlər daha əvvəlki dövrlərlə müqayisədə uzundur və eyni zamanda iri meşə yanğınları daha tez-tez baş verir. Bir çox növlər yeni yerlərə köçür, biomüxtəliflik pozulur və iqlim dəyişikliyinin nəticəsi mühüm bioloji hadisələrin mövsümi vaxtında dəyişikliklərə səbəb olur”.
H. Mahmudov həmçinin qeyd edib ki, insan fəaliyyəti nəticəsində yaranan istixana qazları emissiyaları onilliklər və hətta əsrlər boyu Yer kürəsinin iqliminə təsir göstərməyə davam edəcək: “İnsanlar karbon qazını təbii proseslərlə atıldığından qat-qat yüksək sürətlə atmosferə əlavə edərək, atmosferdə və okeanlarda uzunömürlü qaz anbarı yaradır bu da iqlimi daha isti və kəskin isti vəziyyətə gətirir”.
S.Həsənov çıxışını davam edərək bildirib ki, iqlim dəyişmələri Azərbaycanda da özünü göstərir, son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb: “Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb. 2023-cü ilin avqust ayının 1-nə olan məlumata görə 81 sel hadisəsi baş verib, hansı ki, neçə on illərdir bu rəqəm 35 sel hadisəsindən artıq olmayıb. Dünyada son 100 ildəki kosmik müşahidələr göstərdi ki, tufan və çovğunların intensivliyi və tezliyi artıb, isti küləklər, qasırğalar və yağıntılar güclənib. Eyni zamanda sel və daşqın hadisələrinin sayı da artıb və bir çox qarşısıalınmaz fəsadlara səbəb olub”.
H.Mahmudov əlavə edib ki, aparılmış araşdırmalar və qiymətləndirmələr onun göstərir ki, dünyada iqlim dəyişmələri ilə bağlı bir çox problemlərin azaldılması və ya istixana qazların azaldılması hər bir ölkənin öhdəlikləri müəyyən olunub və bir çox tədbirlərin həyata keçirilməsi planlaşdırılıb: “Avropa Birliyi ölkələri 2030-cu ildə parnik effekti yaradan qazların azaldılmasını 50% həcmdə, 2050-ci ildə isə sıfır səviyyəsində azaldılmasını planlaşdırır. Bu cür öhdəliklərin həyata keçirilməsi iqtisadi cəhətdən sənayedə və nəqliyyatda ciddi dəyişiklərin hesabına baş verdiyindən bu qısa icmal məlumatı ilə biz vəziyyətin nə qədər ciddi olmasını İctimaiyyətə çatdırmağı düşünürük. Bu sahədə Azərbaycan emissiyaların azaldılması və alternativ enerji istehsalına keçidlə bağlı bir çox öhdəliklər götürdüyündən islahatların aparılmasına başlanılıb. Bu islahatlar enerji sektorunda alternativ və bərpa olunan enerji istehsalına keçidi sürətləndirəcək və avtomobil nəqliyyatında ciddi tərkib dəyişmələrinə səbəb olacaq. Bu istiqamətdə Azərbaycanda və Bakı şəhərində nəqliyyatın idarəedilməsi infrastrükturunun idarəedilməsində əhəmiyyətli təkmilləşdirmələrin aparılması zəruridir. Dünyada baş verən qlobal istiləşmə və yaranan fəsadların aradan qaldırılması üçün nəqliyyatın daha az tullantı verən nəqliyyat vasitələrinə keçilməsi prosesləri bir çox ölkələrdə başlanılıb. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasına (UNFCCC) üzv olan Azərbaycanın dördüncü Milli Hesabatı (2021) nəqliyyatı əsas istixana qazı (İQ) emissiyası mənbəyi kimi müəyyənləşdirir”.
Tədbirdə mövzu ətrafında Siyazən rayon Məşrif bələdiyyəsinin icra nümayəndəsi Kənan Əliyev, Siyazən NQÇİ-nin nümayəndəsi Cavid Hacızadə, Dağ quşçu kəndinin bələdiyyə sədri Araz Əbdüləv, Beşlan kənd icra nümayəndəsi Rəna Nuriyeva və digər nümayəndələr çıxış ediblər. Müzakirədə mövzunun aktullaığı və vətəndaşlarımızın iqlim dəyişmələri barədə biliklərinin artırılması və su ehtiyatlarından səmərəli və qənaətlə istifadə, yaşıllıq sahələrinin artırılması tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanan kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşıb.
Pərvanə Fərhadqızı