Azərbaycanın ilk parodiya aktyorlarından birinin anım günüdür
Azərbaycan teatrının ən görkəmli komiklərindən biri, aktyor Əbülhəsən Anaplının anım günüdür.
QHT.az xəbər verir ki, 1894-cü ildə Qubada doğulan Əbülhəsən (Məmmədov) 1910-1911 illərdə "Səfa" və "Nicat" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, 1916-cı ildən Zülfüqar və Üzeyir "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə fəaliyyət göstərmiş, Qafqazın, İranın bir çox şəhərində qastrol səfərlərində olub. Komik aktyor olan Anaplı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrində -"Hacı Qara"da (M.F.Axundzadə) Kərəməli, "Evliykən subay"da (Z.Hacıbəyli) Qaraçı, "Arşın mal alan"da və "Məşədi İbad"da (Ü.Hacıbəyli) Vəli, Hambal və s. rolları ifa etmişdir. Bu illərdə o, eyni zamanda musiqili teatr səhnəciklərində çıxış etmiş, milli teatr sənətimizin təbliğatçılarından olmuşdur. "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi" Əbülhəsən Anaplının şərəfınə "Cəhənnəm" tamaşasını göstəribdir.
Aktyor Qarabağda qastrolda olarkən Şuşada erməni-daşnak qaraguruhçuları tərəfindən xaincəsinə qətlə yetirilib. 1921-ci ildə 28 avqust (27 yaşında) Bakıda dəfn olunubdur.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Pərvanə Fərhadqızı