Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənilib - FOTO +VİDEO

İyunun 12-də Sosial Tədqiqatlar Mərkəzində “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi” analitik hesabatının təqdimatı keçirilib.

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənib.

QHT.az  xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibliyinin rəhbəri Ramin Vəlizadə çıxış ediblər.

Bildirilib ki, analitik hesabat “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının 4.9-cu yarımbəndinə əsasən hazırlanıb.

Qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi məqsədilə müxtəlif alətlərdən istifadə olunub. Qiymətləndirmə zamanı həm kəmiyyət, həm də keyfiyyət əsaslı tədqiqatlardan istifadə edilib.

Sorğularda 2022-ci ilin birinci yarısı üzrə dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərdən istifadə etmək üçün müraciət edən 18 yaşından yuxarı respondentlər iştirak ediblər. Sorğu anketinə 10 əsas, 7 sosio-demoqrafik olmaqla, ümumilikdə 17 sual daxil edilib. Sorğunun əsas suallar üzrə orta davametmə müddəti 8 dəqiqə 6 saniyə təşkil edib. Sorğu müasir texniki vasitələrdən və üsullardan istifadə edilməklə “SurveyToGo” proqramı ilə aparılıb.

İctimai rəy sorğusundan əldə olunan ümumi, yəni, bütün xidmətlər üzrə məcmu nəticəni nəzərdən keçirdikdə respondentlərin 51,3 faizi xidmətin göstərilmə müddətindən çox, 26,2 faizi əsasən məmnun olduğunu bildirib. Sorğuda iştirak edənlərin 3,5 faizi əsasən məmnun olmadığını, 18,7 faizi heç məmnun olmadığını ifadə edib. Respondentlərin 0,3 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sorğunun nəticələri analitik hesabat şəklində dərc edilərək QHT-lər, media nümayəndələrinə təqdim olunub və nəticələrin ictimai müzakirəsi aparılıb.