QHT-nin icraçı direktoru BMT-nin iclasında Azərbaycanı təmsil edəcək - VİDEO

QHT-nin icraçı direktoru BMT-nin vərəmlə bağlı iclasında Azərbaycanı təmsil edəcək


Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının nümayəndəsi, “Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-in Baş Qərargahında keçiriləcək Maraqlı Tərəflərin Vərəmlə bağlı, Pandemiyanın Qarşısının Alınması və Ona Hazırlıq və Universal Tibbi Təminat mövzusunda 8-9 may tarixlərində baş tutacaq İctimai Dinləmələrdə iştirak edəcək. Dinləmələrin məqsədi 22 sentyabr tarixində BMT-in Baş Assambleyasında keçiriləcək vərəmlə bağlı görüşdə qəbul olunacaq siyasi bəyannaməyə daxil ediləcək öhdəliklərin bütün maraqlı tərəflərlə müzakirə edilməsidir. 


Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib ki, “Biz, vərəmlə mübarizə sahəsində çalışan Qeyri-hökumət təşkilatları və icmalar əminik ki, Azərbaycan istənilən sahədə olduğu kimi, vərəmlə mübarizə sahəsində də, güclü siyasi rəhbərliyimiz sayəsində bütün dünyaya liderlik nümayiş etdirəcəyik və biz 2030-cu ilədək vərəmə son qoya biləcəyik!” 


P.Vəliyeva görüşdə iştirak etmək və Azərbaycan Vətəndaş cəmiyyəti təşkilatlarının bu mötəbər görüşdə səsi olmaq üçün Stop TB Tərəfdaşlığı/UNOPS və BMT-dən xüsusi dəvət almışdır. P.Vəliyeva vərəmlə bağlı ictimai vəkillik fəaliyyətlərində hər zaman fəallıq göstərmiş, beynəlxalq təşkilatlarla bu sahədə Koalisiyanın güclü əməkdaşlığının qurulmasına nail olmuşdur. O, 2021-ci ildə Vərəm əleyhinə Avropa Koalisiyasının idarə heyətinin üzvlüyünə 3 illik seçilmiş, Dünya Ağciyər Xəstəlikləri üzrə Konfransda (UNİON) 2020-2022-ci illərdə təqdimatla çıxış edərək ölkəmizdə VCT-lərin vərəmlə mübarizədəki fəaliyyətləri barədə dünya ölkələrinə məlumat çatdırmışdır. 

Hazırki dinləmələrdə Braziliya, Uqanda, Moldova, Monqolustan, Özbəkistan, Peru, Polşa, Zimbabve, Kanada, Malavi, Banqladeş, İsveç, Kamboca,  İndoneziya, Avstraliya və Azərbaycandan nümayəndələr iştirak edir. 
Stop TB Tərəfdaşlığının təşkilatçılığı ilə 4-5 may tarixlərində Dinləmələrə hazırlıq məqsədilə ölkələrin BMT-dəki Daimi Nümayəndəliklərindəki görüşlər təşkil edərək vərəmlə mübarizə sahəsində hər ölkənin öz konteksti, vərəmlə bağlı epidemioloji vəziyyəti, uğur və nailiyyətləri barədə məlumatlar verilir və 22 sentyabrda keçiriləcək Baş Assambleyanın vərəmlə Bağlı Yüksək Səviyyəli Görüşündə Ölkə rəhbərlərinin, Səhiyyə Nazirlərinin iştirakı və siyasi bəyannamənin qəbul edilməsi təşviq edilir. 

Azərbaycan son illərdə səhiyyə sahəsində keçirilən islahatlar və səhiyyə sisteminin gücləndirilməsi istiqamətində tətbiq olunan strategiyalarla liderlik nümayiş etidirir. Ölkə rəhbərinin qayğısı əhalinin sağlamlığının qorunması və sosial rifahın yaxşılaşdırılması istiqamətində atılan hər addımda hiss olunur. Pandemiya dövründə dövlət tərəfindən operativ və vaxtında atılan addımlar nəticəsində yeni növ koronavirusun ölkəmizə təsiri ciddi fəsadlara yol açmadı. Ölkəmiz bütün dünyaya humanistlik və həmrəylik nümayiş etdirdi, vaksinlərin ədalətli paylanılması təbliğ olundu ki, bu da ÜST rəhbərliyi tərəfindən mötəbər iclaslarda təqdirəlayiq addım kimi qeyd edildi. 

Azərbaycanın penitensiar sistemində sistemində vərəmə nəzarət təcrübəsi və əldə olunmuş nailiyyətlər dünya ölkələri üçün bir nümunədir. Bu sahədə təcrübənin digər ölkələrlə paylaşılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində vərəmin profilaktikası və nəzarət üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzi yaradılmışdır. Məhkumlar arasında vərəmin qarşısının alınması və müalicəsi istiqamətində görülən işlər, dövlət və QHT-lərin vəhdətdə icra etdiyi layihələr təqdirəlayiqdir. 

Sağlamlığa Xidmət İctimai birliyi də penitensiar sistemdə vərəmlə mübarizəyə cəlb edilmişdir. Belə ki, 2011-ci ildən bugünədək "Azadlığa buraxılan Vərəmli Xəstələrin müalicəsinin Mülki sektorda izlənilməsi" layihəsi uğurla icra olunur. 2011-ci ildən öncə cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vərəmli xəstələrin sonrakı aqibəti barədə məlumatlar əldə oluna bilmirdi, əksər hallarda onlar müalicədən yayınırdı. Ancaq 2011-ci ildə bu layihə icra olunmağa başladıqdan sonra azadlığa buraxılan vərəmli xəstələrin 99%-i öz müalicələrini mülki vərəm əleyhinə müəssisələrdə sonadək davam etdirir və uğurlu müalicə nəticələri əldə olunur.