QHT sədri Prezidentə təşəkkür etdi

Möhtərəm cənab Prezident.

İlk növbədə, bahar təravətli Novruz bayramı münasibətilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edir, Allahdan uzun ömür, möhkəm cansağlığı, səadət dolu xoş günlər, dövlətçiliyimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, xalqımızın firavanlığı naminə həyata keçirdiyiniz şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dəyərli Prezidentimiz, sonsuz minnətdarlıq və böyük fəxarət hissi ilə bildirirəm ki, Sizin 2023-cü il 6 mart tarixli Sərəncamınıza əsasən ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilən qadınlar sırasında mənim də adım vardır.

 

Doğma Vətənimiz olan Azərbaycanın adını şanlı Zəfər zirvəsinə yüksəltməklə tarixdə parlaq iz qoymuş qalib xalqın qalib Prezidenti tərəfindən Ümummilli Liderimiz, müstəqil dövlətimizin qurucusu, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin 100 ilik yubileyi ilə əlaqədar elan olunmuş “Heydər Əliyev İli”ndə belə bir şərəfə layiq görüldüyüm üçün özümü çox xoşbəxt hesab edirəm.

 

Mənə göstərdiyiniz yüksək etimada görə Sizə şəxsən öz adımdan, ailəm adından, rəhbərlik etdiyim “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin üzvləri adından dərin təşəkkürümü bildirirəm.

Söz verirəm ki, bundan sonra da ölkəmizin ictimai həyatında fəal iştirak edərək əhalinin sosial cəhətdən həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi, sosial reabilitasiyası, inklüziv təhsil imkanlarının artırılması, bu sahədə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin təbliğ olunması və digər istiqamətlərdə fəaliyyətimi uğurla davam etdirməklə hər zaman etimadınızı doğrultmağa çalışacağam.

 

Əziz Prezidentimiz, ali diqqətinizə çatdırmaq istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda isə Sizin tərəfinizdən böyük əzm və peşəkarlıqla davam etdirilən siyasi kursu, onun uğurla reallaşmasında mühüm xidmətləri olan Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətini ailəmlə birlikdə tam varlığımızla bəyənərək dəstəkləyirik və bu əqidəyə daim sadiq qalacağıq.

 

Uca Tanrı xalqımızı, Vətənimizi, həyatını xalqına, dövlətinə sədaqətlə xidmətə həsr edən Sizi və ailənizi qorusun!

 

Dərin hörmət və ehtiramla,

Mahmudova Ramilə, “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri