QHT sədrinin 65 yaşı tamam olur - TƏBRİK

Bu gün  "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin sədri, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil  Hacıyevin doğum günüdür. 

 

Tamxil Ziyəddinoğlu (Hacıyev Tamxil Ziyəddin oğlu; 20 mart 1958, Kurud, Qafan rayonu) — Bütöv Azərbaycan qəzetinin təsisçisi və baş redaktoru (2008), AzTv-də "Hərbi-vətənpərvərlik" şöbəsinin baş redaktoru (01.09.2016), "Zireh" və "Hünər meydanı" verilişlərinin müəllifi. Hərbi Jurnalistlər Birliyinin sədri; Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini (01.06.2017). Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü.


Həyatı
Tamxil Ziyəddinoğlu 20 mart 1958-ci ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olub. 1973-cü ildə Kurud kənd 8 illik məktəbini bitirib. Orta təhsili Gığı kənd orta məktəbində başa vurub. 1975–76-cı dərs ilində Bakı şəhərindəki 56 nömrəli Texniki Peşə məktəbini fərqlənmə ilə bitirib. 1977–79-cu illərdə Sovet Ordusu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra fasiləsiz olaraq çilingər, fəhlə, kitabxanaçı və digər işlərdə çalışıb.

1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsininin əyani şöbəsinə daxil olub. 1990-cı ildə Universiteti fərqlənmə ilə bitirib. Elə həmin il təyinatla "Sovet kəndi" qəzeti redaksiyasına göndərilib. Orada korrektor, müxbir və şöbə müdiri vəzifələrində işləyib. "Respublika" qəzetinin parlament müxbiri olub.

1996-cı ildə Azərbaycan Televiziyasının "Xəbərlər" redaksiyasına dəvət alıb. Hazırda Televiziyada "Hərbivətənpərvərlik" şöbəsinin böyük redaktoru, "Zireh", "Hünər meydanı" verilişlərinin müəllifidir.

2006-cı ildə "Vətən sərhəddən başlanır" mövzusunda keçirilmiş kino sənəti üzrə müsabiqənin qalibidir. 2008-ci ildə "Bütöv Azərbaycan" qəzetini təsis edib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının Erməni-Rus birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb. Nəşr günü kimi məhz bu tarixi seçməsi həm də onun Azərbaycanın mütləq bütövləşəcəyinə inamının ifadəsidir.

Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğuna özümüzə inanaraq, cəfakeş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxmışıq. Məqsədimiz parça-parça bölüklənmiş, bölünə-bölünə yağmalanmış məmləkətimizin iki yüzillik yaralarına məlhəm qoymaqdır. Bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu bayraq ətrafında birləşdirməkdir.

Hərbi Jurnalistlər Birliyinin sədridir; 2016-cı ilin sentyabrından AzTv-də Hərbi- vətənpərvərlik baş redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub; 2017-ci il iyunun 1-dən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini vəzifəsinə irəli çəkilib. 2020-ci ildən Azərbaycan Radiosunun "Xəbərlər" redaksiyası ictimai-siyasi şöbəsinin redaktorudur.

Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür.

 

Kitabları
"Güllə səsinə açılan qapı".

 

QHT.az olaraq Tamxil müəllimi doğum günü münasibəti ilə təbrik edir, can sağlığı və fəaliyyətində uğurlar arzu edirik.
Doğum gününüz mübarək!!!