Nadir Adilov: "Ölkəmizdə 74 nəfər qadın mediator peşələrini layiqincə yerinə yetirir"

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov sosial şəbəkələrdə qadın mediatorları təbrik edərkən bu fikirləri bildirib. 

 

QHT. az Yenilik.az-a istinadən  xəbərinə görə, o qeyd edib ki, mediasiya proseslərinin təbliğində, təşviqində bizə dəstək olan qadınların böyük və əvəzsiz rolu var. Bu dəstəyə görə dərin təşəkkür edən Nadir Adilov 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə öz bağlantılarını təbrik etməklə bərabər, qadın mediatorları da ictimaiyyətə təqdim etməklə, onları təbrik edib. 

 

N. Adilov qeyd edib ki, mediasiya proseslərinin həyata keçirilməsində bu gün qadın mediatorların xüsusi rolu var. “Onların əzmkar və böyük əməyi nəticəsində bir çox ciddi nailiyyətlərə imza atmışıq. Bütün qadın mediatorlarımızı təbrik edirəm. Və bununla bərabər qeyd edim ki, ölkə üzrə 300 nəfər mediatordan cəmi 74 nəfəri qadın mediatordur. Bu qadınlardan 5 nəfəri isə mediasiya təşkilatı rəhbəridir. Eyni zamanda Ədliyyə Akademiyası ilə təşkil etdiyimiz təlimlərdə təlimçi qismində cəlb etdiyimiz mediator təlimçilərin 9 nəfəri qadındır. 

 

N. Adilov qeyd edib ki, cəmiyyətimizin istənilən sahəsində olduğu kimi, mediasiya sahəsində də qadınlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Mediator peşəsinin çətinliyinə baxmayaraq qadın mediatorlarımız bu peşənin öhdəsindən layiqincə gəlir. Mediator peşəsi çox çətin və məsuliyyətli bir peşədir. Münaqişədə olan ailələr, münaqişəli əmək münasibətində olan şəxslər, münaqişəli kommersiya subyektləri ilə işləməli olursan. Çox sevindirici haldır ki, qadın mediatorlarımız bu çətin işin öhdəsindən layiqincə gəlməklə yanaşı, eyni zamanda Mediasiya Şurasının fəaliyyətinə də yaxından dəstək olurlar.