Tənqidi mövqedə olan QHT sədrindən açıqlama - "Yola davam!"

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilib.

Təltif olunan xanımlar arasında tənqidi mövqeyi ilə tanınan Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl da var.

QHT sədri təltif olunması ilə bağlı açqlamasnda bu məsələyə də münasibət bildirib.

QHT.az həmin açıqlamanı təqdim edir:

"Əziz Dostlar,
Tərəqqi Medalı ilə mükafatlandırmamla bağlı saysız hesabsız təbriklərinizi almaqdayam. 


Mən bu qərar haqqında dünən bilmişəm, çox gözlənilməz və xoş xəbər oldu. Mənə əsas xoş gələn tərəfi 25 il ərzində gender bərabərliyi sahəsində apardığım fəaliyyətin qiymətləndirilməsi ilə yanaşı, hökumət tərəfindən tənqidi mövqedə olan qadın hüquqları müdafiəçisi camiyyəsindən biri kimi bu mükafatı almağımdır. 
Elə bu gün mənə ən çox verilən suallardan da biri bu oldu - "deməli belə də olur?" Eynən! Mən məhz elə bir ölkədə yaşamağı arzu edirəm ki, Milli Mükafat veriləndə insanın müstəqilliyi sorğulanmasın, təqdir olunanda kimsə təəccüblənməsin və ürəyinə "görəsən..." şübhəsi zərrə qədər düşməsin! Vicdanlı insanlar bacarıqları, mübarizəsi, azad sözü üçün təqdir olunsunlar! Və mövqelərini dəyişmədən Vətən üçün xidmət etməyə qürurla davam etsinlər! 


Bu mükafatı qadın hüquqları uğrunda mübarizə aparan bütün həmkarlarımla paylaşıram! Yola davam! 
Hər birinizə diqqət və xoş sözləriniz üçün təşəkkür edirəm. Sizin sevginiz, hörmətiniz və etimadınız ən böyük mükafatımdır! "