Əliməmməd Nuriyev: İctimai Şura ictimaiyyətin polisə dəstəyini təqdir edir

Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şura 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketində inkassasiya heyətinə hücumu həyata keçirmiş cinayətkarların tez bir zamanda aşkarlanması və onlardan birinin zərərləşdirilməsini və digərinin həbsini yüksək qiymətləndirir.

QHT.az xəbər verir ki, bu barədə DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev öz sosial şəbəkə hesabında məlumat yayıb.

 

Daxili İşlər Nazirliyi yanında İctimai Şura ictimaiyyətin polisə dəstəyini təqdir edir. 
Polisin bu peşəkar  əməliyyatı bir daha göstərdi ki, Azərbaycan hüquq-mühafizə orqanları  asayişin qorunması sahəsində, eyni zamanda cinayətkarlara qarşı mübarizədə peşəkarlıqla, günün tələbləri səviyyəsində fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polisin bu qətiyyətli addımları,  əməliyyat axtarış tədbirlərini peşəkarlıqla təşkili potensialı təhlükəsizliyin və ölkədə ictimai-siyasi sabitliyin qorunmasına  zəmanət verən amillərdən biridir.  İctimai Şura ictimai asayişin qorunması, həmçinin, cinayətkarlığa  qarşı mübarizədə Daxili İşlər Nazirliyinə  ictimai dəstək verilməsini mühüm hesab edir və  bu istiqamətdə səyləri dəstəkləməkdə davam edəcək."