Novoçerkask kollecində hicab taxdıqları üçün Çeçenistan və Dağıstandan olan tələbələr qovuldu - ÖZƏL

Novoçerkask kollecində hicab taxdıqları üçün Çeçenistan və Dağıstandan olan tələbələr qovuldu.

Çeçenistan və Dağıstandan olan 5 tələbə hicablarını çıxarmaqdan imtina etdiklərinə görə Novoçerkaskdakı tibb kollecindən qovulublar. Qızlar bu barədə Rusiyanın Milli Hüquqşünaslar Assosiasiyasının (NAJUR) VKontakte sosial şəbəkəsindəki qrupunda yayımlanan videomüraciətdə bildiriblər.

QHT.az xəbər verir ki, tələbələrin dediyinə görə, hicab taxmağa başlayandan sonra kollecdə dini libas geyinməyin təhsil müəssisəsinin qaydalarını pozduğunu əsas gətirərək onlara irad tutulmağa başlayıb. Eyni zamanda, qızlar geyimlərində dini ləvazimatların olmadığını, kollecin ərazisində namaz qılmadıqlarını, dini ayinləri yerinə yetirmədiklərini qeyd edirlər.

“Biz sadəcə oxumaq və təhsil almaq istəyirik”, - deyə tələbələr vurğulayırlar.

Onların sözlərinə görə, kömək üçün Rusiya Milli Hüquqşünaslar Assosiasiyasına (NAJUR) müraciət ediblər. Onun rəhbəri Ruslan Nağıyevin aydınlaşdırdığı kimi, kollec rəhbərliyi xaric haqqında əmr verməkdən imtina edib. O, həmçinin qeyd edib ki, təhsil ocağının özündə hicablı Məryəmin təsviri olan ikona yerləşdirilib.

2022-ci ilin sentyabrında Yamalo-Nenets Muxtar Dairəsində bir müsəlman qızın hicab qadağası səbəbindən məktəbi dəyişməli olduğu bildirildi. Uşağın anası bildirib ki, təhsil müəssisəsinin direktoru qızın məktəbə başı örtülü paltarda gəlməsini qadağan edib və bunu “qanunvericiliklə” izah edib.