Aksiya fonunda Qarabağdakı qondarma qurumun son çırpınışlar

QHT.az AZƏRTAC -a istinadən xəbər verir ki, Məlum olduğu kimi, artıq 16 gündür azərbaycanlı fəalların Laçın-Xankəndi yolunun Şuşa şəhərindən keçən hissəsində etirazları davam edir. Havanın soyuq və dəyişkən olmasına baxmayaraq, aksiya iştirakçıları əzm və qətiyyət nümayiş etdirir, öz haqlı tələblərini səsləndirirlər. Görünən odur ki, etiraz aksiyası Qarabağdakı qondarma rejimin əl-qolunu əməlli başlı bağlayıb.

 

Ermənistan sülh müqaviləsindən yayınır

 

Otuz ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayan Ermənistan orada vandalizm aktları həyata keçirib, ekosistemə ciddi ziyan vurub. Ən dəhşətlisi isə odur ki, bu torpaqlarda azərbaycanlılara qarşı soyqırımı törədilib. Lakin onlar bu cinayətlərinə görə hələ də mühakimə olunmayıblar. Buna baxmayaraq, Ermənistan qanunsuz əməllərini indi də davam etdirir. Sanki onlar əmindirlər ki, günahkar olsalar da, arxalarında duran güclər xilaskarlıq missiyasını davam etdirəcək. Həqiqət belədir ki, törətdikləri cinayətlərə görə mühakimə olunmadığı üçün qarşı tərəf istədiyini etməkdə davam edir. Amma bölgədə dalana dirəndiyi və iki il əvvəl biabırçı şəkildə məğlubiyyətə düçar olduğu üçün qonşu ölkə daha ehtiyatlı davranmağı indi daha məqsədəuyğun hesab edir. Ermənistan buna görə də hərbi potensialını gücləndirməklə yanaşı, özünə siyasi dəstək qazanmağa çalışır. Həmçinin Azərbaycanla imzalanmalı olan sülh prosesini də sabotaj edərək vaxt qazanır. Bu da onu göstərir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı deyil.

 

Qarabağdakı qondarma qurumun son çırpınışları

 

Dekabrın 25-də separatçı qurum Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndidə mitinq keçirdi.

 

Mitinqdə qondarma respublikasının “prezidenti” Araik Harutyunyan, dövlət naziri Ruben Vardanyan, keçmiş rezidentləri Bako Saakyan və Arkadi Qukasyan, eləcə də bir sıra digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Onların çıxışlarında Xankəndidə yaşayanlara sanki yalvardıqları aydın sezilir.

 

 

 

 

 

Məsələn, mitinq zamanı xalqa müraciət edən R.Vardanyan bele deyib: “Bizim qaçmağa haqqımız yoxdur". Bu ifadə, əslində, çox mətləblərə aydınlıq gətirir. Belə ki, Xankəndidə olan separatçı ünsürlər xalqın bezdiyini anlayırlar. Həm də onlar başa düşürlər ki, yaşadıqları Xankəndi Azərbaycan ərazisidir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşı sayılır. Onların yeganə nicat yolu isə Azərbaycana inteqrasiyadan keçir. Əks təqdirdə, Azərbaycan öz ərazisində hər hansı separatizmin yaranmasına şərait yaratmayacaq. Bu səbəbdəndir ki, Xankəndidəki əhalinin çoxu Ermənistana geri dönmək istəyir. Bəziləri buna nail olsalar da, ümumilikdə yaşadıqları ərazini tərk etməmək üçün onlara təzyiqlər olunur. Həmçinin insanlar şirnikləndirilir. Buna baxmayaraq, ermənilər Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu anladıqları üçün çıxılmaz vəziyyətdə qalıblar. Lakin bir həqiqət var, Azərbaycan öz ərazisində ikinci qanunsuz dövlətin yaranmasına icazə verməyəcək.

 

 

Elmir Səftərov

AZƏRTAC-ın müxbiri