Zahid Oruc: "Azərbaycan və Türkiyə mediasının birgə fəaliyyəti, iki ölkə arasında güclü birliyi nümayiş etdirir"
QHT.az xəbər verir ki, bu gün Sosial Tədqiqatlar Mərkəzində keçirilən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: birgə fəaliyyətə baxış, gələcək hədəflər" adlı dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Zahid Oruc çıxış edib.
Zahid Oruc bildirib ki, Azərbaycan və Türkiyənin qürurlu tarixə malik olan birliyi son 5 ildə yeni zirvələrə yüksəlib və bu illər ərzində media sahəsindəki əməkdaşlıq iki ölkə arasında güclü birliyi nümayiş etdirib.
"150 yaşlı milli mətbuatımızın yaranması, təşəkkülü və dünya arenasına çıxması da qardaş ölkə ilə harmoniyada baş verib. Türkiyə və Azərbaycanın tanınmış mütəfəkkirləri hər zaman bir-birindən bəhrələniblər, qarşılıqlı güc alıblar. Azərbaycanda və Türkiyədə media sahəsindəki əməkdaşlıq, iki ölkə arasında güclü birliyi göstərir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra, ümumtürk ideallarına xidmət edən mətbuatın rolu artıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan və Türkiyə mediası həmrəyliyini nümayiş etdirərək, informasiya cəbhəsində də mühüm qələbə qazandı. Prezident İlham Əliyev, türk mediası ilə birgə Şuşa planını açaraq, "bir millət-bir mətbuat" ideyasını təbliğ etdi. Azərbaycanın Qarabağda qazandığı qələbə, türk dövlətlərinin beynəlxalq siyasi çəkisini artırmaqla yanaşı, yeni bir qalib siyasi və mənəvi kimlik yaratmış, Dağlıq Qarabağ terminini arxada qoyaraq Zəngəzur və daha böyük strateji hədəfləri dövlətimizin müqəddəs məramına çevirmişdir".