Xəbərlər 12.02.2025 10:32 159

İlqar Hüseynli: "İşçilərin sayının azalması ciddi çatışmazlıqlara səbəb olur"

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli son dövrlərdə dövlət strukturlarında işçilərin sayının azalmasının, xüsusilə səhiyyə və təhsil sahələrində ciddi çatışmazlıqlara səbəb olduğunu bildirib. İctimai birliyin sədri QHT.az-a verdiyi açıqlamada, dövlət strukturlarında baş verən bu ixtisarların sosial və iqtisadi nəticələrinə diqqət çəkib: 

“Dövlət strukturlarında işçilərin sayının azalması, xüsusilə səhiyyə sahəsində kifayət qədər böyük bir problemə, yəni həkim çatışmazlığına səbəb olur. Qərar qəbul olundu ki, 65 yaşına çatan bütün həkimlər və eyni zamanda təhsildə çalışan müəllimlər birdən-birə kütləvi şəkildə işdən azad edilsinlər. Bu boş yerlərə yeni gənc kadrların cəlb olunması prosesi çox ciddi problemlər yaradır. Demək olar ki, həmin vakant yerlərin boş qalmasının əsas səbəblərindən biri səhiyyə və təhsil işçilərinin çatışmazlığıdır. Bu vəziyyət, eyni zamanda struktur islahatları ilə bağlıdır; kifayət qədər komitələr birləşdirilir, bəzi işçilər isə ixtisara salınır. Hətta belə desək, bələdiyyələrin sayının azaldılması bələdiyyə sədrlərinin və qulluqçularının sayının azalmasına gətirib çıxarır. Bələdiyyə qulluqçuları da dövlətdən maliyyələşən qurumlardır və bu, tədricən özəl sektorda daha yüksək əmək haqqı və maddi təminat təkliflərinin olması səbəbindən dövlət sektorunda çalışan bir çox şəxsin özəl sektora meyillənməsinə səbəb olur. Beləliklə, bir çox insanlar öz işlərini qurmağa can atırlar. Bu azalma faktoru, əsasən, həmin sahələrdə müşahidə olunur".

İlqar Hüseynli ixtisarların sosial və iqtisadi nəticələrinə də toxunaraq, bu vəziyyətin işsizlik və maddi təminat problemlərinə yol açdığını bildirib: 

“Sosial və iqtisadi nəticələrinə gəldikdə isə, təbii ki, dövlət qurumlarında və komitələrdə ixtisarlara yol verildikdə, bu şəxslərin işsiz qalması, maddi təminatlarında ciddi problemlərin yaranması sosial bir problemə çevrilir. Eyni zamanda işin keyfiyyəti və səmərəliliyi də zərər görür, çünki işlər daha yavaş görülür və əlçatanlığı problem olur. Məsələn, səhiyyə sektorunda həkim sayı azaldıqda, xidmətin səviyyəsi aşağı düşəcək. Məsələn, əgər 1000 xəstəyə beş həkim xidmət edirdisə, ixtisarlardan sonra, 1000 nəfərə yalnız üç həkim xidmət göstərəcək və bu da xidmətin keyfiyyətinin ciddi şəkildə azalmasına səbəb olacaq”. 

İlqar Hüseynli bu vəziyyətin həlli üçün həm dövlət, həm də cəmiyyət tərəfindən daha geniş tədbirlər görülməli olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı