İnsan alveri və mübarizə strategiyaları: QHT sədrindən AÇIQLAMA
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, QHT.az-a verdiyi açıqlamada, müasir dövrün bəşəri cinayəti hesab edilən insan alverinin Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olduğunu vurğuladı. O, ölkəmizdə bu ziddiyyətin aradan qaldırılması məqsədilə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının qəbul edildiyini və bu istiqamətdə mühüm addımların atıldığını qeyd etdi.
"Müasir dünyada insan alverinin təhlükəli cinayətkarlıq əməli olduğunu hər birimiz bilirik. Onu da qeyd etmək lazımdır ki, bu qədər təhlükəli bir cinayət sayılan insan alverinin daha da təhlükəli vəziyyət almasına gətirib çıxaran əsas səbəblərdən biri və birincisi müasir texnologiyanın həyatımıza daxil olmasıdır. Çox təəssüf edirəm ki, mövcud olan sosial şəbəkələrdə bəzi insanların uzun zaman keçirməsi, tanımadıqları insanlarla tanış olub ünsiyyət bağlayaraq "İnsan ovçular" nın qurbanlarına çevrilirlər. Bir daha təəssüf edirəm ki, internet məkanında baş verən hər bir neqativ hadısə insanların nəticə etibarilə həyati təhlükəsinə səbəb olur. Bu bəlalardan qurtulmağın ilkin yolu geniş maarifləndirmə bilgilərinə sahib olaraq insan alveri kimi təhlükəli cinayətlərdən uzaq olmaqdır".
Nailə İsmayılova həmçinin, dövlətin aşkarlanan insan alveri ilə bağlı cinayət faktlarını üzə çıxardığını və müvafiq tədbirlərin görüldüyünü, vətəndaş cəmiyyətinin də insan alverinə qarşı mübarizədə əlindən gələni əsirgəmədiyini əlavə etdi. O, preventiv tədbirlərin həyata keçirilməsi üçün bütün zəruri imkanlardan istifadə edildiyini vurğuladı.

Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.
Pərvanə Fərhadqızı