İşsizlik insan alverinə təsir edirmi? QHT sədrindən AÇIQLAMA
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a açıqlamasında insan alveri ilə mübarizədə kompleks yanaşmanın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu problemin həlli təkcə aidiyyəti dövlət qurumlarının və ya qeyri-hökumət təşkilatlarının (QHT) işi deyil, ümumi əməkdaşlıq tələb edir:
"İnsan alverinə qarşı mübarizədə tək Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi deyil, QHT-lər və digər aidiyyəti qurumlar birgə fəaliyyət göstərməlidir. Dövlət və yerli qurumların məlumatlılığı artırılmalı, səhiyyə və təhsil sahələrindəki işçilər qurbanlara yardım göstərmək üçün xüsusi bilik və bacarıqlara sahib olmalıdırlar. Bu, insanların xidmətlərə əlçatanlığını təmin etmək üçün çox vacibdir."
Kəmalə Aşumova həmçinin bildirib ki, insan alveri qurbanlarına yardım zamanı onların ehtiyaclarına uyğun peşəkar dəstəyin göstərilməsi önəmlidir. Onun fikrincə, cinsi və əmək istismarı kimi halların qarşısını almaq üçün işsizlik probleminin həlli istiqamətində geniş məşğulluq kampaniyalarının keçirilməsi də əhəmiyyətlidir:
"Bəli, dövlət tərəfindən işsizliyin qarşısının alınması və insanların işlə təmin olunması istiqamətində il boyu müxtəlif tədbirlər keçirilir. Amma hər bir sahədə, hər bir dövlət qurumu, hətta QHT-lər tərəfindən də ayrıca layihələr kimi, müxtəlif sahələr üzrə fərdi əmək yarmarkalarının təşkili yaxşı töhfə ola bilərdi. Məsələn, restoran, ofisiantlıq və tikinti sahələrində yarmarkaların təşkili faydalı olardı. Böyüklərin əməyin istismarı və ya cinsi istismar kimi problemlərə düçar olmasının qarşısını almaq üçün real və peşəkar məşğulluq kampaniyalarının təşkili, işsizlik məsələlərinin həlli vacibdir. Bu tədbirlər insan alverinin yaranma səbəblərini azaltmaqda mühüm rol oynaya bilər."
Sonda Kəmalə Aşumova insan alveri ilə mübarizədə həm maarifləndirmə, həm də genişmiqyaslı tədbirlərin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə aparılan mütəşəkkil və davamlı işlər cəmiyyətin rifahına böyük töhfə verə bilər.

Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.
Pərvanə Fərhadqızı