İnsan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq: QHT sədri detalları açıqlayır
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü və "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a verdiyi açıqlamada qeyri-hökumət təşkilatlarının beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətindən bəhs edib.
Südabə Məmmədova bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq insan alverinə qarşı mübarizə sahəsində böyük töhfələr verib və verməkdə davam edir. O qeyd edib:
"2008-ci ildən, yəni Təmas Regional İnkişaf İctimai Birliyinin yarandığı gündən etibarən, biz Beynəlxalq Miqrasiya Təşkilatının təşkil etdiyi təlimlərdən yararlanaraq peşəkarlıq səviyyəmizi artırmışıq. Bu təlimlər həm dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları üçün silsilə tədbirləri əhatə edib. Bununla yanaşı, xarici səfərlərin təşkili və digər ölkələrin təcrübəsinin öyrənilməsi baxımından beynəlxalq təşkilatların rolu əvəzsizdir".
Südabə Məmmədova, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə bu sahədə fəaliyyət göstərən qurumların peşəkarlığının artırılmasının insan alverinə qarşı mübarizədə vacib olduğunu vurğulayıb.

Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.
Pərvanə Fərhadqızı